Newscenter.az.10.07.2021. Nəzərinizə ən son elmi yenilikləri qısa da olsa çatdırım, ictimaiyyəti mütləq maarifləndirməliyik və zaman olduqca mən özüm də bu mövzularda danışacam.
Norveçdə və Almaniyada Long COVID-lə bağlı yeni tədqiqaqlar
Norveçdə Long COVID ilə bağlı yeni tədqiqat dərc edilib. Tədqiqatda gənc yaşda virusa yoluxub xəstəxanaya yerləşdirilməyə ehtiyac olmayan şəxslərdə xəstəlikdən 6 ay sonra: 28%-i iybilmənin itməsindən, 21%-i xroniki yorğunluqdan, 13%-i təngnəfəslikdən, 13%-diqqət pozğunluğundan və 11%-i isə yaddaş pozğunluğundan əziyyət çəkib.
Almaniyanın Heidelberg şəhərində Long COVID ilə bağlı olan çox önəmli elmi tədqiqat göstərir ki, 5 ayda simptomları hələ də qalan şəxslərin çoxu bu simptomları düz 1 il daşıyır. Beynin virusun təsirindən nə qədər zərər görməsi də tədqiqatda göstərilir.
Uşaqlar Delta variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər
İngiltərədən olan ən son elmi statistik rəqəmlər bizə payızda məktəblərlə bağlı çox ehtiyatlı olmağı göstərir. Belə ki, orada may ayının sonunda 1 həftəlik tətilə, ona qədər isə məktəblərdə aparılan test strategiyalarına və məsafə qaydalarına əməl olunmağa baxmayaraq Delta variantının peyvənd olunmayanlar və ya az doza ilə peyvənd olunanlar arasında kifayət qədər qalxmağının şahidi oluruq.
Artıq elmi aspektdən baxdıqda deyə bilərik ki, dünyanın ən gənc nəsilləri, yəni uşaqlar Delta variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirər. Ciddi təhlükələrdən də biri onların Long COVID problemləri olacaq. Onlar mütləq qorunmalıdırlar, Azərbaycanda uşaqları qorumaqla bağlı tədbirlər planı artıq hazır olmalıdır.
Biontech/Pfizer-in Delta variantına qarşı…
İsraildə aparılan son epidemioloji təhlillər Biontech/Pfizer-in Delta variantına qarşı effektivliyinin 64%-ə endiyini göstərir. Əgər payız aylarında yoluxma orada çoxalarsa, effektivliyin qeyd edilən formada olması ciddi problemlər yarada bilər.
Biontech/Pfizerin yan təsiri
Biontech/Pfizer peyvəndinin ürək əzələsinin ciddi iltihabına səbəb olması barədə elmi tədqiqatların müəyyən hissəsi yekunlaşır. Ümumiyyətlə mRNA peyvəndlərinin (Biontech/Pfizer və Moderna) yan təsiri kimi ürək əzələsinin iltihabı məsələsi müzakirə olunur. Qərarı çətinləşdirən odur ki, COVID-19 virusuna yoluxarkən də ürək əzələsinin iltihabı kimi ağırlaşmaya rast gəlinir. Bu iki halı, yəni peyvənddən sonra və COVID-19-dan sonra, müqayisə edəcək ciddi elmi tədqiqatı aparmaq isə çox çətindir.
Scripps Center La Jolla -dan olan tədqiqat sübut edir ki, COVID-19-dan sonra ürəyin funksiyası bəzən aylarla pozulur. Dəqiq səbəbləri elmi olaraq hələ də araşdırılır.
Novavax
Yeni Novavax peyvəndi haqqında önümüzdəki aylarda daha çox eşidəcəksiniz, onunla bir çox kasıb ölkələri də vəziyyətdən çıxarmağa çalışılacaq.
Nuran Abdullayev-Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru