Newscenter.az.11.07.2021. "Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Növbəti belə səfər Şuşa şəhərinə baş tutdu. Diplomatlar mövcud vəziyyətlə, eyni zamanda ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsinə dair faktlarla yerində tanış oldular.
Bu vaxta qədər diplomatik korpusun Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub. Şuşa şəhərinə səfərdə 33 ölkənin səfiri, 13 ölkənin isə müvəqqəti işlər vəkili, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak edirdi.
Lakin təəssüflə qeyd etməliyik ki, ABŞ, Rusiya və Fransanın, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin nümayəndələri bu səfərə qatılmayıb. Haqlı sual yaranır-niyə?"
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, 27 il Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin bu səfərlərə maraq göstərməməsi sadəcə təəssüf doğurur:
"Çünki məhz həmsədr ölkələr belə səfərlərin nə qədər əhəmiyyətli olduğunu yaxşı bilir. İşğal dövründə Ermənistanın bu ərazilərdə törətdikləri vandallıq aktlarından da məhz vasitəçilər daha çox məlumatlıdır. Sadəcə, münaqişə dövründə olduğu kimi, post münaqişə dövründə də ədalətli mövqe ortaya qoymaqsan çəkinirlər. Elə bu səbəbdən həmsədrlərin nüfuzu Azərbaycanda aşağıdır və cəmiyyətin onlara etimadı yoxdur. Bu münasibəti vasitəçilər öz fəaliyyətsizlikləri ilə formalaşdırıblar".
Deputat qeyd edib ki, özlərini işğaldan azad olunmuş ərazilərə təşkil edilən səfərlərdən kənarda saxlayan ATƏT MQ həmsədrlərinin nüfuzu indi daha da aşağı düşdü:
"Bir daha aydın oldu ki, həmsədr ölkələr münaqişənin həllindən daha çox, bölgədə “status-kvo” vəziyyətinin qorunub saxlanmasında maraqlı olub. Məhz onların bu münasibəti səbəbindən Ermənistan həll prosesinin sonsuza qədər davam etməsinə çalışırdı".
Ruhiyyə