Newscenter.az.14.07.2021. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında rayon sakini Ağaməmməd Əmişov şöbə əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli Adil Əkbərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə baxış keçirilən zaman A.Əkbərovdan şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Mehman