Newscenter.az.14.07.2021. 1969-cu ilin 14 iyul tarixi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündür. Ölkəmizin dövlətçilik tarixində, bugünkü qüdrətli Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin hər zaman bir məqsədi, bir amalı olub - Azərbaycanı iqtisadiyyatı güclü, müstəqil ölkə kimi görmək!
Müstəqillik əldə etmək üçün iqtisadiyyatın güclü olması mütləqdir. Bu baxımdan da Azərbaycanın iqtisadi inkişaf məsələsi Ümummilli Liderimizin siyasi xəttinin əsasını təşkil edirdi. Ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan inkişaf edən sənaye ölkəsinə çevrilmiş, ölkənin bütün sahələrində inkişafa nail olunmuşdur.
Sovetlər dövründə yaradılan siyasi və ideoloji maneələri nəzərə alsaq, deyə bilərik ki, Ümummilli Liderimizin Azərbaycan üçün, Azərbaycan xalqı üçün etdikləri heç də asan başa gəlməyib. Azərbaycan xalqının milli inkişaf konsepsiyasının irəli sürülməsi, ölkənin elm və təhsil, iqtisadi inkişafı üçün kompleks proqramların işlənib hazırlanması, həmin illərdə rus dilinin rəsmi və hakim dil olmasına rəğmən Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması barədə təklif irəli sürülməsi, Ulu Öndərin öz Vətəninə, xalqına olan məhəbbətinin, bağlılığının bariz nümunəsi idi.
SSRİ dövründə gənclərimizin hərbi təhsil alması üçün Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması isə Heydər Əliyevin nə qədər uzaqgörən, müdrik və əvəzolunmaz bir Lider olduğunu təsdiqləyir.
Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, həm də bugünkü qalib Azərbaycanın Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rola malikdir.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” kəlamı dillər əzbəri olan Heydər Əliyev bütün ömrü boyu xalqının yanında olmuş, fəaliyyətini bütövlükdə ölkənin inkişafı və tərəqqisinə həsr etmiş fenomenal bir şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, nəsillərin qəlbində yaşayacaq əbədiyaşar Ümummilli Liderimizdir.
Jalə Əhmədova
Milli Məclisin deputatı