Newscenter.az.14.07.2021. Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün proqramlaşdırma dilləri ilə bağlı onlayn təlimlər keçirilir.
Newscenter.az xəbər verir ki, təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin bilik və bacarıqlarının artırılması, şagirdlərin fənn olimpiadalarına hazırlığı və dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatların mübadiləsindən ibarətdir. Həmçinin İnformatika üzrə fənn olimpiadalarında iştirak üçün şagirdlərin mütləq proqramlaşdırma dillərindən hər hansı birində proqram tərtib etməyi bacarması da əsas hədəflərdəndir.
TDM-in direktor müavini Zaur Balaqadaşov tərəfindən keçirilən təlimlər paytaxtın 12 inzibati rayonu üzrə həftədə 2 dəfə könüllülük prinsipi əsasında təşkil olunur.
Təlimlərdə müəllimlərə proqramlaşdırma dillərində reytinq cədvəli üzrə ilk beşlikdə olan “C++” dili ilə bağlı dərslər keçirilir, bu barədə söhbətlər aparılır, onlara müvafiq tövsiyələr verilir.
Onlayn təlimlərdə mövzu ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
R.Mehdiyeva