Newscenter.az.15.07.2021. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi, alban-udi dini konfessiyalarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri Xiyabandakı məzarlarını ildönümü münasibətilə ziyarət ediblər.
Newscenter.az-ın xəbərinə görə, keçən il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və silahli qüvvələrimizin 11 nəfər zabit və əsgərinin xatirəsi din xadimləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə Qurani-Kərim tilavət edildi, ruhlarına dualar oxundu, məzarları önünə gül dəstələri düzülüb. Dini konfessiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman döyüşçüləri barəsində rəhmət duaları ilə çıxışlar ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Vətənimizin işğaldan azad olunması üçün canını fəda etmiş qəhrəman şəhidlərimizi xüsusi ehtiramla yad edərək ailələrinə səbr və dəyanət arzuladı, qazilərə şəfaət duaları diləyib. Şeyxülislam həzrətləri qeyd edib ki, Zəfər və uğur salnaməsi yazmış Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində doğma Qarabağı işğaldan azad etdi, əsarətdə olan məscid və məbədlərimizi, milli-mənəvi irsimizi, dini abidələrimizi öz həqiqi sahiblərinə qaytardı, şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün Azərbaycan xalqı qüdrətli dövlət başçısının rəhbərliyi ilə əzəli torpaqlara Böyük Qayıdışı təmin etmək, dağıdılmış bölgəmizə yeni nəfəs vermək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti yaratmaq istiqamətində fövqəladə zəhmətlər reallaşdırır. Dindarlarımız və din xadimlərimiz adından dövlət rəhbərliyinin bu məsuliyyətli dönəmdəki fədakar fəaliyyətlərinə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik. Allah cümlə şəhidlərimizə rəhmət eləsin!
Anım mərasimində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Konstantin (Pimenov), Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa yəhudiləri dini icmasısnın sədri Aleksandr Şarovski və digərləri iştirak ediblər.