Newscenter.az.15.07.2021. “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na dəyişiklik edilib. Yeni dəyişiklikdə peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi, peşə hazırlığını həyata keçirən müəssisələrin müsabiqə yolu ilə seçilməsi mexanizmi öz əksini tapıb.
Newscenter.az-a Dövlət Məşğulluq Agentliyindən verilən xəbərə görə, dəyişiklikdə əsas məqsəd peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması, eləcə də dövlət-özəl əməkdaşlığının genişləndirilməsidir.
Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərə məxsus əlavə təhsil həyata keçirən müəssisələr peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası göstərməklə Agentliyə müraciət edə bilərlər. Daha sonra müvafiq sahələr üzrə peşə hazırlığını həyata keçirəcək müəssisələrin seçimi həyata keçiriləcək.
Peşə hazırlığını həyata keçirəcək müəssisələrin seçiminin şəffaf və ədalətli aparılması məqsəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyininin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrindən ibarət müsabiqə komissiyasının yaradılması qərara alınıb. Komissiya peşə hazırlığının təşkili məqsədi ilə Agentliyə müraciət edən müəssisələrin müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilməsini həyata keçirərək sifarişi icra edəcək müəssisələri müəyyən edəcək.
Peşə hazırlığı kurslarında iştiraka maraqlı tərəflər (müəssisələr) https://forms.gle/i2bg2ab1RmCLQdfb6 linki vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.
Sevinc