Newscenter.az.16.07.2021. Ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda şəhid olmuş döyüşçü ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Həyata keçirilən siyasətin əsas məqsədi budur ki, həmin kateqoriyadan olan vətəndaşlar hər cür qayğı ilə əhatə olunsunlar. Bir neçə gün bundan öncə Prezident İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi də qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Yeni kompleks də daxil olmaqla bu günədək 10 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin olunub. Təkcə keçən ilə aid göstəricilərə nəzər salsaq görərik ki, il ərzində 1572 şəhid ailəsi və Qarabağ qazisi müasir ev və mənzil sahibi oldu. Dövlət başçısı bu məsələlərdə də dediyi sözə, verdiyi vədə sadiqdir. Belə ki, şəhid ailələri və müharibə əlillərinə qayğı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənib. Bütün bunlar Prezidentin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən həyata keçirilir.
İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu ilin sonunadək həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olanların Bakıda, Sumqayıtda və Abşeron rayonunda yaşayan ailələrinə mənzillərin verilməsi proqramı da hazırlanıb. Dövlət bu proqramı Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcək. Digər şəhər və rayonlarda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir.
Prezidentin sərəncamına əsasən 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulur. Həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməli
yyatlarda, o cümlədən, Vətən müharibəsində şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq.
Onu da qeyd edək ki, müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında onlara avtomobillərin verilməsi mühüm yer tutur. İndiyədək əlilliyi olan 7200-dən çox şəxs avtomobillə təmin olunub. Sözügedən tədbirdə isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobil təqdim edildi.
Ölkəmizdə şəhid ailəsi üzvlərinin və müharibə veteranlarının məşğulluq problemlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir. Bu sahədə görülən tədbirlər çərçivəsində son 6 ayda 47 min 400 nəfər işlə təmin edilib. 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. Bu il ölkədə 16 min insanın özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onların arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri var.
2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqının 30, orta aylıq pensiyasının 60 faiz artması da həmin diqqət və qayğının nəticəsidir.
Göstərilən rəqəmlər bir daha dövlətin bu kateqoriyadan olan insanlara diqqətinin bariz nümunəsi, Prezident qayğısının real təzahürüdür. Beləliklə, dövlət hər zaman bu kateqoriyadan olan vətəndaşlarının yanındadır və onlarla bağlı bütün məsələlər dövlət başçısının daim diqqət mərkəzindədir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı