Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmiz dünyəvi ədalətin bərqərar olunması istiqamətində zəruri tədbirlər görüb



Newscenter.az.16.07.2021. 2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60 ili tamam olmuşdur. Bu hərəkatın təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından onun aktuallığı və əhəmiyyəti daha da artıb. Ölkəmiz 10 il əvvəl Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu və qısa müddət ərzində olduqca böyük nüfuz və etimad qazandı. Azərbaycanın uğurunun əsas səbəblərindən biri də hərəkatın və onun prinsiplərinin aparılan ölkə siyasətinə uyğun olması olmuşdur. Belə ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi də təsadüfi deyildi. Ölkəmizin atdığı addımlar və əldə etdiyi nəticələr də ona olan etimadın tam doğrulduğunu göstərdi.

2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci il mayın 4-də həmin tədbir təşkil olunmuşdur. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etmişdir. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub.

Bütün bunlarla yanaşı, Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir. Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Mövcud qlobal prosesləri nəzərə alaraq ölkəmiz dünyəvi ədalətin bərqərar olunması istiqamətində zəruri tədbirlər görüb. Bu tədbirlrə çərçivəsində qlobal səhiyyə böhranı fonunda Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı çıxış edib və etməkdə davam edir. Ölkəmiz ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Azərbaycanın əməkdaşlıq istiqamətində həmişə olduğu kimi bu hərəkat çərçivəsində də aydın və dolğun siyasəti var və mütəmadi olaraq məhsuldar kommunikasiyaların qurulması üçün əməli addımlar atır. Çətinliklərin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə alaraq, Azərbaycanın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub. Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində də bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

Qeyd olunanlarla yanaşı, 2020-ci il Hərəkat baxımından Azərbaycan üçün əlamətdar il olub – hərəkatın gündəliyində duran vacib məsələlərdən biri – işğal altında olan ərazilərimizin azad edilməsi uğurla həll edilib. Təbii ki, bu uğurun da altında Ermənistanın işğalçı və qəsbkar siyasətinə qarşı aparılan uzunmüddətli məqsədyönlü fəaliyyət yatır. Bu fəaliyyət nəticəsində Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Ermənistanın işğalçı və vandalizm siyasətinin iç üzü bu proseslərdə daha qabarıq şəkildə ortaya çıxdı. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, Ermənistan tərəfindən 1992-ci ilin fevralında Xocalı soyqırımı törədilmiş, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insan qətlə yetirilmişdir. Ölkəmizin davamlı və məqsədyönlü səyləri nəticəsində bu gün Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmaqdadır. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib. Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. Bizim məscidlərimiz donuz və inək tövləsi kimi istifadə edilib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılıb. Azərbaycan bütün bunlara lazımlı cavabı qırx dörd günlük müharibədə verdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etdi. Qoşulmama Hərəkatı da bu məsələdə ölkəmizə zəruri dəstəyi göstərdi. Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Hərəkat yalnız son dövrlərdə deyil, bundan öncəki proseslərdə də Azərbaycanın ədalətli mövqeyinə dəstək verib. 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Hərəkatın fəaliyyətinin yüksək qiymətləndirilməsinin əsas səbəblərindən biri, təbii ki, onun dəstəyinin sözdə deyil, daim əməldə özünü göstərməsidir. BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərməsinə baxmayaraq Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinadın əlavə edilməsini təkid etmişlər. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edir.

Bu gün azad olunmuş ərazilərdə artıq yenidənqurma işləri başlanıb və müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Həmin ərazilər yaşıl enerji zonası olacaq və Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcəkdir. Prioritet istiqamət isə əlbəttə ki, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışıdır. Burada da Ermənistanın düşmənçilik və vandalizm siyasəti özünü göstərir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırmaq istəsə də, atılan addımlar nəticəsində ölkəmiz bu xəritələrin bir qismini artıq əldə edib və yaxın zamanda beynəlxalq ictimaiyyətin də bu məsələyə diqqətini yönəldərək bütün xəritələrin alınması istiqamətində işlər davam etdirilir.

Əldə olunan müsbət nəticələr, əlbəttə ki, bununla yekunlaşmayacaqdır. Dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlərin davam etdirilməsinə zərurət var və Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş