Newscenter.az.18.07.2021. Avropa Bilrliyi 2 iyul 2021-ci ildə “Şərq ölkələri tərəfdaşlıq proqramı” çərçivəsində 6 ölkəyə - Azərbyacan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə 17 mlrd. avro vəsait ayrılması ilə bağlı qərar qəbul edib.
Cənubi Qafqaz ölkələri arasında yaxın 5 ildə ən çox dəstək alacaq ölkə Gürcüstandır – 3,9 mlrd. avro müxtəlif proqramlar çərçivəsində qrant və yatırımlar ala biləcək. Ermənistana isə yaxın 5 ildə əvvəl 1,6 mlrd. avro, son qərarlarla isə 2,6 mlrd. avro dəstək olacaq. Azərbaycana isə yaxın 5 ildə 140 mln. avro vəsait ayrılacaq.
İlk baxışda ayrıseçkilik kimi görünür, ikili standartlara bənzəyir, amma məsələ fərqlidir: Gürcüstan artıq bir neçə ildir ki, AB ilə üst səviyyəli əməkdaşlıq sənədini imzalayıb, məhz bu imza Gürcüstana daha çox yardım ayrılmasına əsas yaradır. Ermənistan 27 fevral 2017-ci ildə daha aşağı səviyyəli, amma yenə də AB ilə ortaq sənəd imzaladı. Azərbaycan isə sənədi imzalamaq İSTƏMİR, sənədin razılaşdırılmasını uzadır, halbuki, 90%-dən çox məsələlər artıq razılaşdırılıb. Sual doğuran məsələlər isə ancaq ticarət və iqtisadi məsələlərdir: AB deyir ki, Azərbaycan ÜTT-yə üzv olsun (Dünya Ticarət Təşkilatına), bazarını xarici kapitala və biznesə açsın, şəffaflığı artırsın, vergi və gömrük siyasətini beynəlxal təcrübəyə uyğunlaşdırsın, hava məkanını sərnişin daşıyan şirkətlərə açsın – Azərbaycan hökuməti isə bu məsələləri həll etmək, ölkədə rəqabətli, şəffaf iqtisadi sistem qurmağı gecikdirir.
Biz müqavilə imzalamırıq, əvəzində Ermənistana sənədi imzaladığına görə daha çox maddi yardım düşür – sonra da AB-dən inciyirik ki, nədən bizə az, Ermənistana isə çox maddi yardım ayırır. Və bizim bəzi KİV-lər elə təqdim edirlər sanki Ermənistana elə indi, birdəfəlik 2,6 mlrd. avro pul veriləcək – bu belə deyil. Vəsait 5 ilə nəzərdə tutulub, hər il ayrılan vəsaitin şəffaf xərclənməsi ilə bağlı hökumətlər hesabat verdikdən sonra növbəti tranş ayrılır. Və vəsaitin böyük bir hissəsi heç Ermənistana çatmayacaq da – infrastruktur layihələrini AB şirkətləri həyata keçirəcək, vəsait Ermənistan vasitəsi ilə onlara ödəniləcək.
Yəni, siyasət qəliz işdi, gərək ağılla, analizlə davranasan, gərək ciddi məlumat toplayasan, məlumatları analiz etməyə təcrübən olsun – bütün bunlardan sonra məsələlərə peşəkarcasına, səs-küysüz yanaşmaq mümkün olur.
Onu da deyim ki, Azərbaycanın AB ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri, AB-nin ölkəmizə yatırımları digər iki Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsi və yatırımlarından dəfələrlə çoxdur. Məsələn, 2020-ci ildə Azərbaycanla AB-nin ticarət dövriyyəsi 9 mlrd. 340 mln. dollar olub, Ermənistanın isə cəmi 1 mlrd. dollardan bir az çox – yəni, biz Azərbaycan olaraq AB üçün daha maraqlı, daha cəlbedici ölkəyik, AB ilə münasibətləri tənzimləyən yeni, daha detallı müqavilə mütləq bu il ərzində imzalanmalıdır. Yeni müqavilədən sonra AB ilə vizasız gediş-gəlişdən tutun da ticarət əlaqələrinə, yatırımlara qədər yeni fürsətlər açılacaq. Ona gərə də bəzən problemləri primitiv tezislərlə ifadə etməkdənsə, məsələlərin kökünə enmək daha doğrudur...
Natiq Cəfərli-REAL Partiyasının sədr müavini