Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: Şəhid ailələri və müharibə əlilləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub



Newscenter.az.19.07.2021. Prezident İlham Əliyevin iştirakı ilə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

Qeyd edək ki, şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır və kompleksdə rahat yaşamaq üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, şəhid ailələrinin və müharibə əlillərinin dövlətin qayğısı ilə əhatə olunması sahəsində son illər ərzində çox böyük işlər görülmüşdür. Bu günədək 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunmuş və bu proses davam edir. 2020-ci ildə də ölkəmizdə bu istiqamətdə böyük işlər görülüb. Belə ki, 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. 2021-ci ildə isə 3 minədək şəhid ailəsinin və müharibə əlilinin evlərlə, mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Bu yaşayış kompleksini də nəzərə almaqla artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub.

Bundan başqa, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, indiyədək Qarabağ qazilərinə ümumilikdə 7200 avtomobil verilib.

Newscenter.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputat Jalə Əhmədova deyib.

“Qeyd etmək lazımdır ki, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinin dövlət tərəfindən qayğı ilə əhatə olunması ölkəmizdə prioritet təşkil edir. Sağlamlığını itirmiş, yaralanmış qazilərimiz bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunur. Ölkəmizdə bu sahədə unikal prinsiplər tətbiq edilir. Belə ki, belə hadisələr yaşamış bir çox ölkələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilmir. Qazilərimizin məşğulluq məsələlərinin həll olunmasından danışarkən qeyd etmək lazımdır ki, bu istiqamətdə də mütəmadi işlər görülür və bu məsələdə özəl sektor yaxından iştirak edir. Bu marafona 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin edilib”, - deyə deputat bildirib.

Vurğulayıb ki, ölkəmizdə icra edilən genişmiqyaslı özünüməşğulluq proqramına əsasən, hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən vasitələr təqdim edilir. Cari ildə 16 min insanın özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur ki, onların arasında da 5 mindən çox şəhid ailəsinin üzvü və müharibə əlilləri var.

Onun sözlərinə görə, ölkəmizdə sosial müdafiə sahəsində ən mühüm məsələlərdən biri qazilərimizin normal həyat keyfiyyətini təmin etmək üçün protezlərin alınmasıdır. Müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş olunub. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksəkkeyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.

Jalə Əhmədova deyib: “Bu gün ölkəmizdə qazilərimizə daha yaxşı xidmət göstərilməsi üçün reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində iş aparılır. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bunlar çox böyük vəsait tələb edən proqramlardır, lakin Azərbaycan dövləti belə proqramları həyata keçirmək əzmindədir və bu siyasət bundan sonra da davam edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Prezident İlham Əliyev başda olmaqla hər bir Azərbaycan vətəndaşı və hökumətimiz daim onların yanındadır. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətimizin prioritet istiqamətidir”.

Ruhiyyə
Xəbəri paylaş