Newscenter.az.19.07.2021. Aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət monitorinq qrupları Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirlərini davam etdirir.
Newscenter.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən tədbirə gələn qonaqların say məhdudiyyətinin pozulması, qonaqların üzərində COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərin olmaması ilə bağlıdır. Bir sıra hallarda isə şənlik mərasimlərinin icaze.e-gov.az portalına müvafiq məlumatların düzgün daxil edilməməsi halları da qeydə alınıb. Monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.
Monitorinq qrupu şənlik mərasimləri başlamamışdan əvvəl məkanların ərazisini, stollar ətrafında və arasında məsafələri, adambaşına düşən sıxlıq normalarını, işçi heyətin müvafiq tələblərə uyğunluğu və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi vəziyyətini yoxlayır.
Tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır. Narahatlıq yaratmamaq üçün mümkün qədər toyun keçirildiyi məkana daxil olmamağa çalışılır. Lakin, əlbəttə, qoyulan tələblər kobud şəkildə pozulacağı halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istisna edilmir.
Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər. Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktorunu nəzərə almaları, məclis iştirakçılarının müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələri tövsiyə edilir.