Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karantin qaydalarına əməl etməyən şadlıq evləri cərimələndi



Newscenter.az.19.07.2021. Bərdə Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Muğan Məkan” və “Samux” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restoranlara cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə fərdi yaşayış evində keçirilən toy məclisində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclisdə qonaqların sayının normadan artıq olduğu müəyyən edilib. Ev yiyəsi də daxil olmaqla ümumilikdə qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.


XXX


Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntusunun baş verdiyi 3 toy məclisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı restoran və istirahət mərkəzlərində keçirilən həmin toy məclislərində qonaqların sayı qərarla müəyyən edilmiş saydan artıq olduğu müəyyən edilib.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar ümumilikdə 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Xəbəri paylaş