Newscenter.az.20.07.2021. Hər xalqın milli, xəlqi adət-ənənələri var. Bu adət-ənənələr zaman-zaman düşüncələrdə də, ürəklərdə-könüllərdə də, həyatda da sədaqətlə qorunub, yaşadılıb, əmanət kimi əzizlənib, sonrakı nəsillərə ötürülüb. Xalq ona görə güclü olur ki, zaman anlamında dünənlərini unutmur. Xalqımız belə xalqlardandır.
Adət-ənənələrimizin bəziləri xalqımızın var olmasıyla yaşıddır, bəziləri həyat, yaşam uğrunda mübarizələrdə qazanılıb, bəziləri inanclarla, dini-etiqadlarla bağlıdır. Bütün hallarda malik olduğumuz dəyərlər yaşayır, yaşadılır, yaşadılacaq.
Din, əsasən, həyat tərzidir. Səmavi dinlərin sonuncusu olan islam dini insanlara dürüstlük, halallıq, yüksək əxlaq, yüksək davranış normaları aşılayır. Bu baxımdan islam dini də bu dinə iman gətirən bütün xalqların həyata baxışının əsasını müəyyənləşdirir.
15 əsrdir ki, inancımızın iman yolundayıq. Müsəlmanlığın fəzilətləriylə yaşayırıq. Dünyanın neçə-neçə tanınmış şəxsiyyətlərinin islam dinini qəbul etməsi bu dinin mütərəqqi din olduğunun təsdiqi deyilmi? Dünyanın ən məşhur boksçusu Kasius Marsellus Kleyin Məhəmməd Əli olması islam dinin ən mütərəqqi din olmasına meyillərin, inamların artdığının təsdiqi deyilmi? Amerikalı kinorejissor Stounun oğlu Oliver Stounun islam dinini qəbul etməsi də eyni əqidənin nəticəsidir. Heç zaman eşitmədiyi Quran səsinə vurğunluq yüzlərlə məşhur şəxsiyyəti islama gətirir. Yəni, onlar da Qurban bayramının mənəvi dəyərlərinin daşıyıcısı olurlar. İndi milyonlar İslam dininin dünyəvi cazibəsinin təntənəsidir.
İslam dini dünyanı duruluğa, saflığa, bəşəriliyə yönəldən yeganə dindir.
Azərbaycanda İslam dininin ənənələri sədaqətlə yaşadılmaqdadır. Respublikamızda İslam dinini şərtləndirən, onun sütunları olan bayramlar – Ramazan bayramı, Qurban bayramı dövlətin təsis etdiyi rəsmi bayramlardandır.
Dünya müsəlmanlarının İslam dininin mənəvi dünyasını nurlandıran Qurban bayramı min illərdir dini inancı İslam dini olan dövlətlərdə, bu və digər dövlətdə yaşayan müsəlmanlar arasında həmrəylik, qardaşlıq rəmzi kimi yaşadılır.
Qurban bayramı İsmayıl qurbanı adı ilə də anılır. İbrahim Peyğəmbərin oğlu İsmayılı qurban kəsmək niyyəti ilə bağlı olan Qurban kəsmə missiyası dünyəvi-ruhi inancların yeganələrindəndir. Bu bayram min illərdir islam dininin humanizm, bərabərlik, qardaşlıq, paylaşma duyğularına sədaqət kimi ehtiramlarla anılmaqdadır.
Rus imperiyası Azərbaycanı ilhaq etdikdən sonra İslam dininə qarşı “səlib yürüşü”, imperiyanın siyasəti, qadağaları xalqın inancının üstündə “yel əsdirə bilmədi”. Neçə-neçə din xadimi Sibirə sürgün edilsə də, məscidlər kolxozların anbarlarına çevrilsə də, dağıdılsa da xalq inanclarını, dini adət-ənənənlərini bütün çalarları ilə yaşatdı, qorudu. Məscidlərdən azan səsi gəlməsə də könüllər bu səsi yaşada-yaşada qorudular, qoruya-qoruya yaşatdılar. Bu gün Azərbaycan islami dəyərləri sədaqətlə yaşadan dövlətlərdən biridir.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra rus imperiyasının qadağaları da sovuşdu. Xalq zaman-zaman siyasi repressiyalardan qoruduğu inanclarını, adətlərini “işıq üzünə” çıxartdı. Bu, dünyaya qürurla deyilən “Mən varam!” nidası idi! Xalq inanclarını həm də dövlətin himayəsi ilə icra etmək imkanı qazandı.
Azərbaycanda müxtəlif dinlərə inanan xalqların nümayəndələri yaşayır, yəni Azərbaycan tolerant dövlətdir. Tolerant dövlət kimi Azərbaycanın nüfuzu təbii ki, dünyəvi dövlətlərdə kifayət qədər yüksəkdir.
Qurban bayramı xalqımızın əziz bayramlarından biridir. Azərbaycanda müxtəlif dini konvensiyaların nümayəndələri də Qurban bayramının böyük fəzilətlərinə, bu bayramın mahiyyətinə böyük ehtiramlarla yanaşırlar. Bu, Azərbaycanda tolerantlığın yüksək səviyyəsinin təsdiqdir.
Müxtəlif dinlərin mənsubları yaşayan Azərbaycanda qarşılıqlı anlaşma, hörmət, etimad cəmiyyətin yaşam fəlsəfəsinin əsasını təşkil edir. Bu, dünya miqyasında heyrətləndirici səviyyədə birgə yaşayış şəraiti deməkdir. Bütün dinlərə aid bayramları digər dinlərin mənsubları ilə birgə qeyd edilməsi, bu və ya digər dini bayramın digər dinin mənsubları tərəfindən böyük səmimiyyətlə qarşılanması da Azərbaycanda əsas yaşam fəlsəfəsinin dini mənsubluq deyil, insanlıq, bəşərilik olduğunun təsdiqidir.
Qurban bayramı mütərəqqi milli-mənəvi dəyərlər sistemində sosial yardımlaşma, xeyirxahlıq duyğuları kimi yaşadılır.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən, xalqın təkidli tələbi ilə böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikamızda dini bayramlar da dövlət səviyyəsində qeyd edilməyə başladı. Qadağalar səksəkəsindən qurtaran xalq həyatın azadlıq havasını dini inanclarıyla qoşa yaşatmağa başladı. Yəni, Ulu Öndər tarixin sıxılcımlara saldığı adətlərə, ənənələr yeni yaşam verdi. Yeni yaşam qazanan bayramlardan biri də və başlıcası da Qurban bayramı oldu. Ulu Öndər hər il qeyd edilən bu bayramlarda xalqı təbrik edirdi, hərdən Qurban bayramını məcburi köçkünlərlə birgə keçirirdi ki, bu da Qurban bayramının mahiyyətinə ən böyük azərbaycanlının ruhən verdiyi ən böyük töhfə olurdu. Xalq dahi rəhbərin istər islam dininə, istər vətəndaşlara verdiyi dəyəri ən gözəl bayramlaşma bilirdi, bayramlaşmanın mahiyyətini Ulu Öndərdən öyrənirdi.
Ulu Öndər Qurban bayramının müqəddəsliyini həmişə böyük sevgilərlə xatırladırdı. Təkcə dövlət başçısı kimi deyil, həm də böyük vətəndaş kimi, İslam dinin bəşəriliyinə, yaşarılığına dönməz inamı olan müsəlman kimi: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir.
Ulu Öndərin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bütün dövlət bayramlarını xalqla birlikdə qeyd edir.
Azərbaycanın Müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafında, tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin təbliğinə böyük xidmətləri olub, var, olacaq. Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Bunun nəticəsidir ki, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan olundu. 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bütün bunlar isə özlüyündə İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində Azərbaycana etimad deməkdir.
Hər bayramda, o cümlədən Qurban bayramında xalqa təbrikində ən ülvi arzularını bildirən dövlət başçısının bütün bayramlarda xalq təbriki milli mentalitetimizin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir. Ölkə başçısı əminliklə bildirir ki, malik olduğu və yaşatdığı dəyərlərlə Azərbaycan daha dinamik inkişaf edəcək, dünyanın aparıcı dövlətlərindən biri olacaq. Malik olduğu dəyərlər sistemində dini bayramaların da özünəməxsus yeri vardır. Dini bayramlarımıza olduqca böyük sevgiləri olan cənab Prezidentimiz 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan etdi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Qurban bayramının fəzilətlərini, cəmiyyətin inkişafında, vətəndaşların milli, milli-xəlqi dəyərlər əsasında formalaşmasında kifayət qədər böyük təsirə malik olduğunu əminliklə bildirərək deyirdi: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
İslam dininin fəzilətlərini yaşadan Azərbaycanda Vətən məfhumu da dini müqəddəslik səviyyəsində yaşadılır. İslamda şəhidliyin nə olduğunu bütün çalarları ilə dərk edən döyüşçülərimiz Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Vətən naminə şəhidliyə də getdilər. Şəhid oldular, torpaqlarımızı işğaldan azad etdilər. Onların şəhidliyi ilə azad edilmiş ərazilərimizdə də, bu sıradan Şuşada da, Cıdır düzündə də, İsa bulağında da qurbanlar kəsiləcək.
Hamınıza “Qurban bayramınız mübarək olsun!” deyirəm.
Qurban bayramı həm də niyyət bayramıdır. Bütün niyyətlərinizə çatasınız!
Səbinə Xasayeva-Milli Məclisin deputatı