Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır



Newscenter.az.20.07.2021. Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, ölkəmizdə qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər. Bu kontekstdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının önəmini xüsusi qeyd edə bilərik. Belə ki, respublikamızda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı hazırlanaraq uğurla həyata keçirilir.
Yeni istifadəyə verilən kompleks 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var.

Şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür ki, bunlardan da 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses hələ də davam edir.

2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib.

Ümumiyyətlə, həssas qruplardan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinin də mühüm bir istiqamətini təşkil edir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində dövlət idarəçiliyinə yeni keyfiyyət dəyişikliyi gətirib, onun xəliqi-sosial mahiyyətini daha da gücləndirib.

Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.

Şəhid ailələri və qazilər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır.

Bu gün müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş olunub. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.

Həmçinin ölkədə Reabilitasiya mərkəzlərinin şəbəkəsi genişlənib və genişlənəcəkdir. Artıq bir neçə reabilitasiya mərkəzlərində yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bunun çox genişmiqyaslı, böyük vəsait tələb edən proqram olmasına baxmayaraq Azərbaycan bunu edir və bundan sonra da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır.

Vətən müharibəsi dövründə döyüşçülərə, müharibədən sonra isə qazilərə xidmət göstərən tibb müəssisələrindən biri də Naftalan Reabilitasiya Mərkəzidir. 2008-ci ildə yaradılan Mərkəz 2019-cu ildə əsaslı təmir və yenidənqurmadan sonra əlillərə yüksək səviyyədə tibbi reabilitasiya və psixoloji yardım xidmətləri göstərməyə başlayıb.

25 çarpayılıq Naftalan Reabilitasiya Mərkəzində Vətən müharibəsi dövründə 80-dən çox müharibə iştirakçısına həm tibbi reabilitasiya, həm də psixoloji yardım göstərilib. Ümumiyyətlə Naftalan Reabilitasiya Mərkəzi əlilliyi təsdiqlənmiş və müalicəsi burada mümkün olan hər bir vətəndaşa ildə iki dəfə tibbi reabilitasiya və psixoloji yardım göstərir.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş