Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşində peşəkarlıq, obyektivlik sərgiləyən jurnalistlərimiz milli mətbuatımızın zənginliyidir



Newscenter.az.22.07.2021
. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Böyük mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul, ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında, mənəvi dəyərlərin qorunması, vətənpərvərliyin, həmrəyliyin və milli birliyin təbliğində mühüm rol oynayan milli mətbuatın inkişaf dövrünün Azərbaycanın müstəqillik illərinə söykəndiyini xüsusi qeyd etmək istərdim. Belə ki, Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi, Azərbaycanda da mətbuat üzərində ciddi senzura hökm sürürdü.​ Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğvi, KİV-lərin inkişafında mühüm əhəmiyyətə malikdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi, həmin dövrdə fəaliyyət göstərən mətbu orqanların maddi-texniki bazasını gücləndirib, həmçinin yeni jurnallar, qəzetlər, televiziya və radiolar yaranıb.

Bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Ölkəmizdə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar, mətbuata və mətbuat işçilərinə göstərilən diqqət və qayğının tərkib hissəsidir. Habelə dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün yaşayış binalarının​ tikilməsi bunun bariz nümunəsidir.

Söz və mətbuat azadlığının təməl prinsip olaraq Azərbaycan Konstitusiyasında öz əksini tapması isə ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Hazırda respublikamızda çoxlu sayda müxtəlif çap və elektron media, onlayn xəbər portalları fəaliyyət göstərir.

Onu da qeyd edim ki, Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşı, o cümlədən jurnalistlər cənab Ali Baş Komandanın və Azərbaycan Ordusunun yanında olduğunu öz əməlləri ilə sübut etdilər. Döyüş meydanından reportajlar hazırlayaraq həm ölkə, həm də dünya ictimaiyyətini məlumatlandıran media nümayəndələrimiz ekstremal vəziyyətlərdə lentə aldıqları foto və video materialları peşəkarlıqla işıqlandırdılar.

1991-1992-ci illərdə xidməti vəzifələrini yerinə yetirərkən Şəhid olmuş – Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Osman Mirzəyev, Fəxrəddin Şahbazov, ​ Kazımağa Kərimov və Arif Hüseynzadə Birinci Qarabağ müharibəsində, Sirac Abışov və Məhərrəm İbrahimov isə erməni işğalından azad edilmiş Kəlbəcər rayonunda 2021-ci ildə Şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan jurnalistləridir. Şəhid jurnalistlərimizi ehtiramla anır, hər birinə Allahdan rəhmət diləyirəm.

Əziz jurnalistlər,

İşində peşəkarlıq, obyektivlik, prinsipiallıq və əsl vətəndaşlıq mövqeyi sərgiləyən jurnalistlərimiz milli mətbuatımızın zənginliyidir.
Milli mətbuatımızın zənginliyinə töhfə verən bütün jurnalistlərimizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, işlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş