Newscenter.az.23.07.2021. İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdə yeni fəaliyyətə başlamış səfiri Cahit Bağcı ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük fayda gətirdiyini vurğulayan komitə sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib.
Qonağa Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir, Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həlli üçün məqsədyönlü iş aparır.
Hazırda məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, uzun illər bundan qabaq didərgin düşdükləri yurdlarına qayıdışına hazırlıq görüldüyü qeyd edilib.
Səfir Cahit Bağcı səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin bütün türk dünyası üçün əhəmiyyətli olduğunu vurğulayıb, yeni reallıqlar şəraitində Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi üçün çalışacağını deyib.
Görüşdə daimi yaşayış yerlərinə qayıdış ərəfəsində məcburi köçkünlərin təhsil, məşğulluq, peşə hazılığı məsələlərinə qardaş ölkənin dəstəyi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sevinc