Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının Bakıxanov qəsəbəsinin küçələrindən biri təmir edilir



Newscenter.az.26.07.2021. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.

Newscenter.az xəbər verir ki, cari ilin İnvestisiya Proqramına uyğun olaraq rayonun Ramana qəsəbəsində uzunluğu 700, eni isə 9 metr təşkil edən Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

Hazırda Bakıxanov qəsəbəsində 3.1 km uzunluğa malik Bəşir Bünyadov küçəsinin təmiri davam etdirilir. Küçənin eni ortalama 14 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

Hazırda “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq küçənin 2 km-lik hissəsinə asfalt-beton örtüyü döşənib.

Sonuncu mərhələdə küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılması nəzərdə tutulur.
Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq sözügedən qəsəbənin 3.2 km uzunluğa malik Nazim İsmayılov küçəsinin də əsası şəkildə təmiri aparılacaq.

Hazırda Sabunçu rayonu üzrə anoloji təmir-tikinti işləri Bilgəh qəsəbəsinin hər birinin uzunluğu 1 km təşkil edən Əliağa Ağayev və Rəsul Rza küçələrində də icra olunur.

Adı çəkilən küçələr vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.

Sevinc
Xəbəri paylaş