Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İş yerlərində işçilərin rəhbəlik tərəfindən seksual qısnamaya məruz qalması



Newscenter.az.28.07.2021. Seksual qısnamanın rəsmi anlayışı əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır. Əmək məcəlləsinə əsasən, işəgötürənin əsas vəzifələrindən biri də seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməkdir. İşçidən bu cür məlumat aldıqda, işəgötürən seksual qısnamaya imkan yaradan şəraiti qiymətləndirməli və qısnamanın, həmçinin əxlaqsızlığın qarşısını almaq üçün zəruri tədbirlər görməlidir. İşçi seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Ümumi qaydada işçinin əmək müqaviləsinə 1 ay əvvəlcədən xəbərdarlıq edilməklə xitam verilir. Amma göründüyü kimi, qısnamaya məruz qalan işçi, ərizəsində göstərdiyi gündən onun müqaviləsinə xitam verilə bilər.

İnzibati Xətalar Məcəlləsinin 205.-ci maddəsinə əsasən, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.
İşin hallarından asılı olaraq, seksual qısnamanın nəticəsi cinayət məsuliyyəti ilə də yekunlaşa bilər. Belə ki, Cinayət məcəlləsinin 151-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə— bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin məzmunundan göründüyü kimi, seksual qısnama nəticəsində işçinin tabe olduğu rəhbəri ilə cinsi əlaqəyə girməyə vadar etmə cinayət məsuliyyəti yaradır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş