Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk doğum günü qeyd olunub



Newscenter.az.28.07.2021. Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cəmil Məmmədlinin doğum günü məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri, təhsil aldığı 163 saylı məktəbin müəllim kollektivi onun xatirəsini ehtiramla anıblar. Şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin şəhidlərə həsr olunmuş kompozisiyası dinlənildikdən sonra mərasim şəhidin doğulduğu evdə davam edib.

Newscenter.az xəbər verir ki, 44 günlük Zəfər yürüşünün qəhrəmanlarından olan Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil alıb. O, Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşunaslıq fakultəsində ali təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Cəmil Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb.

Cəmil Məmmədli 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Vətən Müharibəsinə qatılaraq böyük şücaət göstərib.Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək oktyabr ayının 14-dən 15-ə keçən gecə şəhidlik zirvəsinə yüksəlib. C.Məmmədli rayonun Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəmil Məmmədli "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdləri və 1 saylı körpələr evi uşaq bağçasının körpə fidanları hazırladıqları şeirləri səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhidin "Füzulinin azad olunmasına görə" medalı valideyinlərinə təqdim olunub.

Şəhidin valideyinləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sevinc
Xəbəri paylaş