Newscenter.az.29.07.2021. Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr olunan tədbir keçirilib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və hər iki ali təhsil müəssisəsinin rəhbərliyi iştirak edib.
Qonaqları salamlayan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi AzTU ilə imzalanacaq müqavilənin önəmindən danışıb. Bildirib ki, hər bir millətin mədəniyyəti onun sərvətidir. Bu mədəniyyəti müasir texnoloiyalardan istifadə etməklə nümayiş etdirmək isə dövrün tələbidir. Bu mənada Azərbaycanın texniki sahədə təhsil verən qabaqcıl universitetlərindən biri kimi AzTU ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığının inkişaf etdirilməsi təqdirəlayiqdir.
Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev hər iki ali təhsil müəssisəsinin əməkdaşlığını müsbət hal kimi qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir imzalanacaq müqavilənin yaxın zamanlarda müsbət nəticələrinin əldə olunacağına ümid etdiyini bildirib.
AzTU-nun rektoru Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində müasir texnologiyaların tətbiqi ilə bağlı universitetdə elmi-tədqiqatlar aparılacaq. Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllimlərinin tədris zamanı keyfiyyətli və müasir texnologiyaların dəstəklədiyi avadanlıqlardan istifadəsi üçün AzTU öz töhfəsini verəcək.
Daha sonra hər iki ali məktəbin rektorları əməkdaşlıq haqqında memorandumu imzalayıblar. Sənədə əsasən, Azərbaycan Milli Konservatoriyasının TV studiyalarında texniki təchizat sisteminin qurulması ilə bağlı AzTU tərəfindən layihələr təqdim olunacaq. Bundan başqa, elmi tədqiqat və kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Tədbir Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifaları ilə davam edib.
R.Mehdiyeva