Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradıldı.



Newscenter.az.29.07.2021. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsi uğurla davam edir.

Newscenter.az xəbər verir ki. layihə çərçivəsində arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı nəzəri və praktiki təlimlərə cəlb olunan 21 nəfər könüllü gənc iki həftəlik kursu müvəffəqiyyətlə tamamlayaraq arıçılıq təsərrüfatı üçün lazım olan bütün resurs və ləvazimatlarla tam təchiz olunublar. Gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.

Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.

Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların əkilməsi üzrə bir neçə kütləvi ağacəkmə aksiyaları keçirmişdir.

Ekosistemdə vacib rol oynayan arıların qorunmasında hər birimizin iştirakına ehtiyac var! Sadaladığımız kiçik addımlar bu zəhmətkeş canlıların varlığı üçün böyük dəyişikliklərə gətirib çıxara bilər, məs.:

Ərzaq təhlükəsizliyinin əsas şərti olan ekoloji təmiz məhsul istehsalını dəstəkləməliyik.
Heç bir arı ölmək istəmir və sancmaq onların təhlükə anlarındakı son, məcburi seçimləridir. Bu səbəbdən, arı gördükdə təşvişə düşməməli və onu öldürməyə çalışmamalıyıq, sakitcə və zərər vermədən uzaqlaşdırmağa çalışmalıyıq.
Eyvan və bağçamıza lavanda, akasiya, payızgülü, kəklikotu, yonca, cökə, nanə, günəbaxan, süpürgə otu və s. kimi arıların sevdikləri bitkiləri əkərək onları dəstəkləyə bilərik.
Suya düşən arını dərhal və ehtiyatla çıxarıb quru səthə qoymaqla, onu xilas edə bilərik. Bir müddət sonra arı özünə gələrək uçub gedəcəkdir.
Yaşayış mühitinin itirilməsi arılara mənfi təsir edən ən vacib amillərdən biridir. Yaşıllıq ərazilərini artırmaq və qorumaqla bütün canlıları, o cümlədən arıları xilas edə bilərik.
Arıların Planetimiz üçün əhəmiyyəti haqda maarifləndirmə fəaliyyətlərinə qoşulmaqla onların qorunmasına böyük töhfə verə bilərik.

Təbiətin arılara, bizim isə təbiətə ehtiyacımız var. Gəlin, arılara qayğımızı artıraq və onları birgə yaşadaq. Arılar varsa, həyat var!

Sevinc
Xəbəri paylaş