Newscenter.az.29.07.2021. İyulun 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, “AVODA” partiyasının icraçı direktoru Bar İhielin və onun məsləhətçisi Melamed Lemuella görüşüb.
Newscenter.az-a Dini Komitədən bildirilib ki, qonaqlara Azərbaycanda dini durum barədə məlumat verən Səyyad Salahlı qeyd edib ki, yəhudilər ölkəmizdə yaşayan qədim tarixə malik xalqdır. Hər iki xalq arasında hər zaman dostluq, qarşılıqlı anlaşma və həmrəylik münasibətləri mövcud olub. Ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir və bütün dinlərin nümayəndələri bərabərhüquqlu şəkildə fəaliyyət göstərir, dini ibadətlərini həyata keçirirlər. Bu baxımdan Azərbaycandakı mövcud dövlət-din münasibətləri modeli beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Eyni zamanda, diqqətə çatdırıb ki, tolerantlıq ənənəsi xalqımızın gen yaddaşının məhsuludur və dövlət siyasətinin tərkib hissəsinə çevrilərək dünya miqyasında nümunəvi modellərdən biri səviyyəsinə yüksəlib. S. Salahlı dini konfessiyaların daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, hər il onlara fəaliyyətlərinin təmin olunması, maarifləndirmə işinin aparılması məqsədilə dövlət tərəfindən maliyyə dəstəyi göstərildiyini xüsusi qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarının 44 günlük Vətən müharibəsində azad edilməsi münasibətilə təbriklərini çatdırıblar. Azərbaycanda heç bir zaman antisemitizmin olmaması, dövlət-din münasibətləri modelinin, eləcə də dini tolerantlıq mühitinin uğurlu nəticələrinin təkzibedilməz olduğunu bildiriblər. Qeyd edilib ki, bu model qorunub inkişaf etdirilməklə yanaşı, nəinki region dövlətlərində, bütün dünyada nümunəvi model kimi öyrənilməli və geniş mənada tətbiq olunmalıdır.
Görüşdə sülh və barışa böyük ehtiyac duyulan müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmağın dövrün tələbinə çevrildiyi vurğulanıb.
Mehman