Newscenter.az.29.07.2021. Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək Hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun üçüncü iclası çərçivəsində Türkmənistanda səfərdə olub.
Bu barədə Nazirlikdən bildirilib.
Məlumata görə, “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun 3-cü iclası Aşqabad şəhərində P.Şahbazov və Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi ilə keçirilib. İclasda Hökumətlərarası Əməkdaşlıq haqqında Saziş layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib.
Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu bu il yanvarın 21-də imzalanıb. “Dostluq” yatağı üzrə əməkdaşlığa dair Hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan tərəfindən İşçi Qrupu isə ölkə prezidentinin 25 fevral 2021-ci il tarixli sərəncamı ilə yaradılıb. İndiyə kimi Birgə İşçi Qrupunun üç, İşçi Qrupu nəzdində yaradılmış Birgə Ekspertlər Qrupunun isə 4 iclası keçirilib.