Newscenter.az.29.07.2021. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması ölkədə medianın inkişafının dəstəklənməsi ilə yanaşı, həm də onlayn media subyektlərinin fəaliyyətinə nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, cəmiyyətdə mövcud olan bütün münasibətlərin hüquqi tənzimlənməyə ehtiyacı vardır. Xüsusilə də, informasiya texnologiyalarının həyatımıza dərindən nüfuz edərək sürətlə inkişaf etdiyi bir dövrdə buna daha çox ehtiyac yaranır. Günümüzdə rəqəmsal bir dünyanın mövcudluğu və həyatımızın böyük bir parçasına çevrilməsi insanların bir sıra hüquq və azadlıqlarını həyata keçirdiyi başqa bir məkanın yaranmasına gətirib çıxarıb. Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə insanların fəaliyyətinə nəzər salarkən bunu bariz şəkildə görmək mümkündür.
Hər birimizə məlumdur ki, ifadə və məlumat azadlığı demokratik dövlətlərə xas olan təməl sütunlardan biri hesab olunur. Azərbaycan da demokratik dövlətlərdən biri kimi, şəxsin ifadə azadlığını sonuna qədər dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında Azərbaycanın demokratik bir ölkə kimi şəxsin söz və ifadə azadlığını tanıdığını, bunun həyata keçirilməsi üçün nə mətbuata, nə də internetə dövlət tərəfindən heç bir məhdudiyyət tətbiq edilmədiyini dəfələrlə qeyd edib, bununla yanaşı xalqı yalan və böhtan xarakterli məlumatlarla üzləşməyə hazır olmağa səsləyib.
Hər bir azadlıq özü ilə birgə əlavə məsuliyyət gətirdiyi kimi, informasiya fəaliyyəti sahəsində hüquqi tənzimetmənin mövcud olmaması da bir sıra problemlərin yaranmasına əsas verir. Təəssüflər olsun ki, son zamanlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə anonim şəxslər və bəzi kimliyini gizlətməyə çalışan jurnalistlər tərəfindən təhqir və böhtan məzmunlu, təbliğat xarakterli saxta məlumatların paylaşıldığının şahidi oluruq. Bu hal, interneti məlumat mənbəyi kimi istifadə edən bir çox vətəndaşlarda yanlış fikir yaranmasına, bununla da, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan məlumat əldə etmək azadlıqlarını həyata keçirmələrinə ciddi şəkildə maneələr yaradır.
Mediada təhqir və böhtan xarakterli, heç bir əsası və təsdiqi olmayan məlumatların paylaşılması həm həmin məlumatların əsas obyekti olan insanların şərəf və ləyaqətinin ləkələnməsinə, həm də demokratik dövlət prinsiplərinin sarsılmasına səbəb olmaqla vətəndaşların dövlətə və mediaya olan inamının itirilməsi ilə nəticələnir. Xüsusi qeyd etmək istəyirəm ki, sosial medianın fəaliyyətini tənzimləyəcək qanunvericiliyin olmaması bu problemlərlə mübarizəni daha da çətinləşdirir. Bu məqsədlə hüquq mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi, təxirəsalınmaz addımların atılması zəruri əhəmiyyət kəsb edir.
Məsələn, hər hansı bir sosial şəbəkədən anonim olaraq qeydiyyatdan keçən istifadəçi ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edən bir şəxs barəsində əsassız saxta məlumatlar yaymağa başlayır, hətta bəziləri təhqir və böhtan xarakterli yazılara da yer verməklə bunu öz şəxsi ifadə azadlığı hesab edərək barəsində məlumat paylaşılan şəxsin şərəf və ləyaqətinin ləkələnməsinə səbəb ola biləcək hərəkətlər edir. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində kütləvi nümayiş etdirilməsinə görə cərimə, ictimai işlər və ya islah işləri, həmçinin azadlıqdan məhrum etmə sanksiyaları nəzərdə tutulmuşdur. Lakin, buna baxmayaraq qanunvericiliyin iki fərqli sahədəki boşluqları nəzərə çarpır.
Birincisi, məlumatları paylaşan şəxsin kimliyinin müəyyən edilməsi mümkün olmadığı halda nüfuzu ləkələnən vətəndaş qarşı tərəfi tanımadığından pozulmuş hüquqlarını müdafiə edə bilmək üçün məhkəməyə müraciət edə bilmir, bu isə AR Konstitusiyasının 57-ci maddəsində təsbit olunmuş şəxsin müraciət etmək hüququnun həyata keçirilməsini çətinləşdirir.
İkincisi, Azərbaycan qanunvericiliyində təhqir və böhtan üçün cəza tədbirləri müəyyən edilmiş olsa da, məqsədli şəkildə saxta xəbərlərin yayılması ilə bağlı hər hansı cəza tədbiri nəzərdə tutulmamışdır. Bütün dünyada cinayət hüququ sahəsində humanizm prinsipinin rəhbər tutularaq cəzaların mümkün qədər yüngülləşdirilməsi bəzi sui-istifadəçilər üçün şərait yaratmaqdadır. Belə ki, qanunvericiliyin nəzərdə tutduğu tədbirlərin çərçivəsinə bələd olan bəzi istifadəçilər və ya jurnalistlər təhqir və böhtan xarakterli ifadələrdən deyil, yalnız saxta məzmunlu məlumatlar yaymaqla da şəxsin şərəf və ləyaqətinin ləkələnməsinə, cəmiyyətdə həmin şəxslər barəsində yanlış fikir formalaşmasına səbəb olurlar.
Bu kimi əməllərlə, adətən fəaliyyəti heç bir dövlət orqanı tərəfindən təsdiqlənməyən, qeydə alınmayan elektron portallar məşğul olur.
Bu səbəbdən də təklif edirəm ki, ölkəmizdə elektron kütləvi informasiya portalı fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən qaydalar tətbiq edilsin. Bu fəaliyyət şəffaf qaydada həyata keçirilsin və bu fəaliyyətlə məşğul olmaq istəyən hər bir şəxs müvafiq qaydada dövlət qeydiyyatından keçərək fəaliyyətini rəsmi şəkildə təsdiqlətsin.
Artıq mətbuatı cəmiyyət üçün “bələdçi” hesab edən bir sıra Avropa dövlətləri media vasitəsilə yayıla biləcək saxta xəbərlərin törədə biləcəyi nəticələrin əvvəlcədən qarşısının alınması məqsədi ilə bir sıra qabaqlayıcı nəzarət tədbirləri həyata keçirirlər. Biz də vətəndaşlara internet vasitələrindən məlumat alarkən ehtiyatlı və diqqətli olmağı, rəsmi fəaliyyət göstərən portallara üstünlük verməyi tövsiyə edirik.
Jalə Əhmədova
Milli Məclisin deputatı