Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti insan alveri qurbanlarına arxa-dayaq olur



Newscenter.az.30.07.2021. İnsan alverinin tarixi çox qədimdir. Tarixən müxtəlif insanlar bu cinayətin qurbanı olub. Bu qurbanların alver predmetinə çevrilməsinin müxtəlif səbəbləri olub. Köhnə vaxtlarda dövlətlər arasında baş verən müharibələr, hücumlar nəticəsində əsir götürülən insanların başına bu hadisələr gəlirdi, onları alıb satırdılar. Təbii ki, onlar tarixin qara ləkəsidir və hər zaman ürək ağrısı ilə vərəqlənir.

Təəssüflər olsun ki, bu problem indi də var. Dünyanın bütün dövlətlərində insan alveri kimi böyük cinayətlərə qol qoyan, baş qoşan insanlar, qruplaşmalar var.

Azərbaycan dövləti insan alveri qurbanlarına arxa-dayaq olur, onların həyatını dağıdan insanlara, cinayətkar dəstələrə qarşı ciddi tədbirlər görür. İnsan alveri faktoru həm Azərbaycan dövlətini, həm də Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Odur ki, dövlət və ictimaiyyət, ictimai qurumlar səviyyəsində insan alverinin aradan qaldırılması üçün məqsədyönlü işlər görülür. İndiyə qədər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin sayı çoxdur. Ölkədə fəaliyyət göstərən QHT-lər, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, yerli icra hakimiyyəti orqanları insan alverinə qarşı mübarizədə fəal iştirak edirlər. Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi işlərə artıq beynəlxalq səviyyədə müsbət qiymət verilir. Belə ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində irəlidə olan dövlətlərdən biri kimi dünya ictimaiyyətinə təqdim olunub. Azərbaycanda insan alverilə mübarizə mütəşəkkil şəkildə qurulub. Qısa zaman ərzində yüzlərlə insan alveri qurbanı ölkəmizə qaytarılıb və onların yenidən normal həyata qaytarılması üçün reabilitasiya mərkəzlərinə təhvil veriliblər. Bundan başqa, Azərbaycanda insan alverinə qarşı mübarizəni gücləndirən qanun qəbul edilib, müxtəlif sənədlər imzalanıb.

Azərbaycan dövləti, ictimaiyyəti son illər insan alverinə qarşı mübarizədə çox fəaldır. Bu sahədə bir neçə sənəd qəbul edilib. İnsan alverilə mübarizə imkanlarının genişləndirilməsi üçün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb. "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli, 609-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidenti fərman imzalayıb. 7 may 2013-cü il tarixində dövlət başçısının imzaladığı bu sənəd insan alverinə qarşı mübarizə sahəsində yenilik olacağını proqnozlaşdırmağa əsas verir. Məlumat üçün deyim ki, 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilən BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Milli Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 may 2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs - milli koordinator təyin edilib və DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb. Azərbaycan Respublikasının 2004-cü il 6 may tarixli İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrası başa çatdırılıb, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" (2009-2013-cü illər) təsdiq edilib".

Məlumata görə, Azərbaycanda insan alverinin qurbanı kimi müəyyənləşdirilənlərin əksəriyyəti qadınlar olsa da, kişilərin də alver qurbanına çevrilməsi hallarına rast gəlinir. Bundan əlavə, zərərçəkənlərin əksəriyyətini gənclər, bəzən isə uşaqlar təşkil edir. Son illər insan alverilə bağlı ictimaiyyətdə böyük maarifçilik işi həyata keçirilir. Maarifçilik işi artdıqca, dövlətin insan alveri sahəsində apardığı uğurlu işlərin sırası genişləndikcə, Azərbaycanda bu mənfi hala qarşı ictimai mübarizə daha da güclənir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş