Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Beynəlxalq təşkilatlar Ermənistanın sərhəd təxribatları ilə bağlı sərt mövqe sərgiləməlidir”



Newscenter.az.30.07.2021. Biz beynəlxalq ictimaiyyətdən sərhəd təxribatları törətdiyi üçün Ermənistana təzyiq göstərməyi gözləyirik. Beynəlxalq təşkilatlar sərhəddə yaranmış gərginlikdən narahatlıq ifadə etməklə kifayətlənməməlidirlər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında tərəflərin vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırılması bizi qane edə bilməz.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, vasitəçilər təxribatçını, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən tərəfi adı ilə çağırmır:

"Burada çağırış hər iki tərəfə ünvanlanıb. Halbuki vasitəçilər həqiqətən də sülhyaratma missiyasını yerinə yetirmək istəyirlərsə, ümumi yox, ünvanlı bəyanat verməlidirlər. Aydındır ki, Ermənistan sərhəd təxribatları törətməklə regionda gərginlik yaratmaq, artıq həll olunmuş münaqişə ətrafında manipulyasiyalar etməyə çalışır. Amma Ermənistanın bu səyləri nəticə verməyəcək. Azərbaycan beynəlxalq sərhədlərini qoruyur. Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həyata keçirilir. Amma münaqişənin həllindən 8 aydan da çox vaxt keçməsinə baxmayaraq, Ermənistan mövcud reallıqlarla barışmaq istəmir. 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Yəni, eynilə münaqişə dövründə sülh danışıqlarında müzakirə olunan baza prinsiplərini təhrif etdiyi kimi, bu sənədi təhrif etməyə, özünün absurd şərtlərini irəli sürməyə can atır. Amma bunun Ermənistana faydasından çox zərəri dəyəcək".

Deputat qeyd edib ki, Kəlbəcər istiqamətində törətdiyi təxribatların cavabı gözlənildiyi kimi ağır oldu: "Çünki Azərbaycan 28 ildən sonra öz ərazi bütövlüyünü təmin edib və sərhədlərinin təhlükəsizliyini qorumaq bütün ölkələr kimi Azərbaycanın da suveren hüququdur. Burada beynəlxalq hüququn prinsiplərini pozan Ermənistandır. Bu ölkə məsuliyyətsiz davranışlara son qoymalı, üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Dezinformasiyalar yayaraq, günahı Azərbaycan tərəfinin üzərinə atmaq isə nəticə verməyəcək. Çünki Azərbaycan sərhəd gərginliyində maraqlı olmadığı aydındır. Bölgədə sülhü təmin edən Azərbaycan bunun dayanıqlı olmasında maraqlıdır. Bu səbəbdən rəsmi Bakı Ermənistan da daxil olmaqla bütün region dövlətlərinə əməkdaşlıq təklif edir".

Ruhiyyə
Xəbəri paylaş