Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci vitse-prezident: "Qloballaşan dünyada mədəniyyətlərarası dialoqun qurulması dövrümüzün ən vacib tələblərindən biridir"



Newscenter.az.31.07.2021. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva XII Qəbələ Musiqi Festivalının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Newscenter.az-in məlumatına görə, məktubda deyilir:

“Hörmətli festival iştirakçıları!

Xanımlar və cənablar!


Sizi - XII Qəbələ Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.

2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır.

Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi!

Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında “Xarıbülbül” musiqi festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu.

Əziz dostlar!

Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir. Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm.

Builki festival müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edir. Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır.

Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm! Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq, XII Qəbələ Musiqi Festivalı hər zaman olduğu kimi qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.
Xəbəri paylaş