Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib



Newscenter.az.31.07.2021. “Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı bəyannaməsi təhlükəsizlik və rifahı təmin etmək üçün əməkdaşlığın strateji əhəmiyyətini daha da artıracaq.” Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyənin “haberturk.com” portalına açıqlamasında belə deyib. (https://m.haberturk.com/azerbaycan-milletvekili-nurullayeva-baku-deklarasyonu-bolgenin-refahina-hizmet-ediyor-3148060)

Bildirib ki, hər üç ölkə bölgədəki sülh, sabitlik və inkişaf prosesində önəmli rol oynayır. Bakı bəyannaməsini imzalamaqla üç qardaş ölkə müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini, qarşılıqlı hörmətlərini bir daha təsdiq etmiş oldular.

“Bu sənəd eyni zamanda ölkələrimiz arasında əlaqələrin inkişafına da töhfə verəcək. Burada söhbət parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsindən gedir” deyən K.Nurullayeva qeyd edib ki, Bakı bəyannaməsi tərəflərin beynəlxalq platformalarda da birlikdə hərəkət etməsini təmin edəcək: “Beynəlxalq platformalarda bir-birini dəstəkləmək olduqca vacibdir. Bakı bəyannaməsi bu istiqamətdə bütün mövqelərin daha da möhkəmlənməsini təmin edəcək. Eyni zamanda tərəflər qardaş xalqları daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdır. Yeni mərhələdə mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının, parlamentlərin işçi heyətlərinin əlaqələrinin təşviqi daha da gücləndiriləcək. İşbirliyinin möhkəmlənməsi həm də beynəlxalq problemlərin həllində parlamentlər arasında əlaqələrin rolunu artırır. Əsas məqsədlərdən biri konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək, parlament strukturlarında üç qardaş ölkə olaraq ortaq mövqe sərgiləməkdir”.
Xəbəri paylaş