Newscenter.az.31.07.2021. Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, keçmiş deputat Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.
Qeyd edilib ki, sürücü Məmmədov Samir Həsən oğlu idarə etdiyi “Range Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib:
“Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.
Bildirilib ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində təhqiqat aparılır.
Xatırladaq ki, hadisə baş verən zaman sabiq deputat X.Kazımlının özü avtomobildə olub.