Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid zabitin anım günü qeyd edilib



Newscenter.az.1.07.2021. Müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında ulu öndər Heydər Əliyevin 50 il öncə əsasını qoyduğu indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsi olan yüzlərlə peşəkar zabitin müstəsna xidmətləri vardır. Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi təhsil ocağının yetirmələri respublikamızın ərazi bütövlüyünün qorunması və bərpasında fəal iştirak edib. Onlar həm Birinci Qarabağ, həm də İkinci Qarabağ – Vətən müharibəsində bütün cəbhələrdə əsl qəhrəmanlıq, igidlik nümunələri göstərərək Azərbaycanın şanlı hərb tarixinə parlaq səhifələr yazıblar.

Newscenter.az xəbər verir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş beş minə yaxın kursant müxtəlif ali hərbi təhsil müəssisələrində zabitlik peşəsinə yiyələnmiş və bu gün də Silahlı Qüvvələrin bütün strukturlarında şərəflə xidmət edir, dövlətimizin təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında səylərini əsirgəmirlər.

“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən, eləcə də bu müharibədə hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalan igidlərin sıralarında C.Naxçıvanski adına hərbi liseydən pərvazlanan neçə-neçə igid döyüşçü zabitin də adı var. Onlardan biri də kapitan Həmid Kərim oğlu Cəfərlidir.
Kapitan Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Azərbaycan Ordusunun nümunəvi zabitlərindən biri kimi üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib.

O da Vətənə xidmət peşəsini – zabitlik peşəsini seçən silahdaşları kimi böyük arzularla yaşayırdı. Füzuli uğrunda döyüşlərdə cavan ömrü yarıyolda qırılsa da, bütün şəhidlərimiz kimi onun da qanı yerdə qalmadı, arzuları həyata keçdi, intiqamı döyüş meydanında alındı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu”.

Şəhid kapitan Cəfərlinin ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, xüsusi təyinatlı təhsil müəssisələrinin, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri İkinci Şəhidlər xiyabanına gələrək şəhid Həmid Cəfərlinin məzarını ziyarət edib, qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyublar.

Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib, Vətənə Həmid kimi igid oğul bəxş edən valideynlərə nazirliyin rəhbərliyi adından minnətdarlıq edib.

Ziyarətçilərin nəzərinə çatdırılıb ki, gənc zabit H.Cəfərli 2012-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursunu” müvəffəqiyyətlə bitirdikdən sonra tabor komandirinin müavini vəzifəsinə və “kapitan” hərbi rütbəsinədək yüksəlib. Xidmətləri həmişə layiqincə qiymətləndirilib. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medallarına layiq görülüb.

Vətən Müharibəsinin ilk günündən komandiri olduğu mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə birlikdə döyüş meydanlarına atılaraq Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlar zamanı qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Qeyd olunub ki, 2020-ci il oktyabrın 5-də kapitan Cəfərli növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Onun nəşi Bakı şəhərinə gətirilərək böyük izdihamın iştirakı ilə son mənzilə yola salınıb.

Üç övladı yadigar qalan şəhid Cəfərlinin xidmətləri də ölümündən sonra dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib və o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə”, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə üç döyüş medalı ilə təltif olunub.

Şəhidin ad günü münasibətilə keçirilən tədbirdə vurğulanıb ki, onun əmisi oğlu gizir Orxan Cəfərli də Vətən müharibəsinin şəhidlərindəndir. Gizir O.Cəfərli dağ-atıcı taqım komandirinin müavini kimi Murovdağın strateji yüksəkliklərinin və Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə şəxsi igidlik nümunələri göstərib.

Kapitan H.Cəfərlinin xidmət etdiyi hərbi hissənin komandiri, hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmətini davam etdirən müharibə qazisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlamov, şəhidin döyüşçü dostlarından Mahir İbrahimov, Murad Şirinov, Qurban Dostəliyev onun haqqında cəbhə xatirələrini söyləyiblər.

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan kapitan Anar Məmmədov çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən qayğıdan danışıb və şəhid Cəfərlinin də ailəsinin həmişə diqqətdə saxlandığını qeyd ediblər.

Şəhid ailələrinə Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Vətən müharibəsi şəhidləri” adlı kitabının nüsxələri təqdim edilib.
Şəhidin atası Kərim Cəfərli, əmisi Etibar Cəfərli və dayısı, Birinci Qarabağ müharibəsinin veteranı, “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik Elmar Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına göstərilən ehtirama görə minnətdarlıq ediblər.

Şəhidlər Xiyabanında keçirilən tədbir şəhidin vaxtilə yaşadığı Xətai rayonu İnqilab İsmayılov küçəsi – 7 ünvanındakı binaya vurulan xatirə lövhəsinin açılışına həsr olunmuş təntənəli mərasimlə davam etdirilib.
Xəbəri paylaş