Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədri: "Belə bir hərzə-hədyan dolu çıxış ilk növbədə Kremlin özünə zərbədir"



Newscenter.az.1.08.2021. Azərbaycanın Jirinovskinin sərsəm açıqlamalarına görə Rusiyaya nota verməsi düzgün addımdır. Mən Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyimizə (XİN) dəvət olunmasını və görüş zamanı Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı narahatlıq və etirazımızın müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılmasını təqdir edirəm. Bu vacib addımdır. Çünki bu siyasi kloun həm Azərbaycan XİN-in, həm də cəmiyyətimizin sərt təpkisini hiss etməlidir ki, özünü yığışdırsın və məsuliyyətini dərk etsin. Bu mənada, bizim XİN nota verməklə tamamilə düzgün addım atıb.

Elə Rusiya cəmiyyətinin özü də bu siyasi təlxəyə ciddi təpki göstərməlidir. Çünki onun kiflənmiş imperiya çağırışları və faşist ritorikası ilk növbədə Rusiyanın özünü dünya birliyinin hədəfinə gətirir və nüfuzuna ağır zərbə vurur. İndi heç bir ölkə öz işğalçı keçmişi ilə, müstəmləkə siyasəti ilə öyünmür. Bu gün hətta Fransa kimi, İngiltərə kimi böyük ölkələr belə öz müstəmləkəçi keçmişləri barədə ümumiyyətlə danışmamamağa, susmağa üstünlük verirlər. Çünki çağdaş dünyada bu kimi hallar istənilən ölkə, istənilən toplum üçün rüsvayçı hal sayılır. Ancaq Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski isə öz çıxışında Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğuna görə bu gün hər kəsin Rusiyanın iradəsi ilə hesablaşmalı olduğunu iddia edir və eyni zamanda Azərbaycanı rus ordusu ilə təhdid edir, Azərbaycanın dövlət başçısına xitab edir, hədə-qorxu gəlir. Jirinovskinin bu ritorikası Rusiya cəmiyyəti və dövləti adına həqiqətən də çox ayıb bir davranışdır.

Belə bir hərzə-hədyan dolu çıxış ilk növbədə Kremlin özünə zərbədir və Kremlin bölgədəki siyasətinə xələl gətirir. Jirinovski bu çıxışı ilə əslində dolayısı yolla Rusiyanı işğalçı kimi təqdim edir. Əlbəttə, biz əminik ki, Jirnovskinin neoimperialist sayıqlamaları Kremlin rəsmi mövqeyi deyil. İndi Rusiya Prezidenti Vladimir Putin Jirinovski kimi, Zatulin kimi, Solovyov kimi qatı rus millətçilərinin, ermənipərəst siyasətçilərin çıxışlarını dinləsə də, lakin onların təhrikçi fikirlərini özünün cari siyasətinin “yol xəritəsi”nə daxil etmir və onların məsləhətləri ilə oturub durmur. Əksinə, o, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük önəm verir, qarşılıqlı bərabərhüquqlu iqtisadi əlaqələrin daha da genişlənməsi üçün səy göstərir. Biz bunu Prezident İlham Əliyevin bu yaxınlarda Moskvada Putinlə görüşü zamanı da bir daha müşahidə etdik.
Yaxşı ki, bu gün Rusiyada təkcə Kreml rəhbəri deyil, eləcə də əksər insanlar Jirinovskiyə ciddi siyasi fiqur kimi deyil, sadəcə siyasi təlxək kimi baxırlar. Ancaq özünü təlxək yerinə qoyub işğalçı-faşist fikirlər səsləndirən bu avantürist rus siyasətçisi bir həqiqəti bilməlidir ki, Azərbaycan Ermənistan deyil, Azərbaycan xalqı da, Azərbaycan Ordusu da erməni xalqı və erməni ordusu kimi deyil. Həmçinin İlham Əliyev də Paşinyan deyil. Sən özünü açıb buraxa və məğlub Paşinyanın, məğlub erməni ordusunun ünvanına ağzına gələni deyə bilərsən. Amma Azərbaycan xalqının, Azərbaycan liderinin əleyhinə ağlına və ağzına gələni danışmaq isə sənin başın üçün deyil.

Sən bunu da bilməlisən ki, məhz İlham Əliyevin liderliyi ilə, Ali Baş Komandanlığı ilə Azərbaycan xalqı və Ordusu bir yumruq kimi birləşərək cəmi 44 gün ərzində öz torpaqlarını erməni işğalından azad etdi. Bütün siyasi partiyalar İlham Əliyevlə, Ordumuzla birlik və həmrəylik nümayiş etdirdilər. Odur ki, bundan sonra heç bir qüvvə Azərbaycandakı mövcud milli həmrəyliyi, birliyi poza bilməz. Biz istənilən xarici müdaxilənin qarşısını öz milli birliyimizlə dəf etməyə qadirik. 20-ci əsrin müstəmləkəçi təfəkküründə ilişib qalmış və işğalçı-faşist ritorikasından heç cürə qurtula bilməyən sənin kimi “kiçik Hitler”lərin, mussolinilərin, səddam hüseynlərin, Jan-Mari Le Penlərin yeri isə tarixin zibilliyidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş