Newscenter.az.1.08.2021. "Təəssüf ki, Rusiyanın bəzi siyasətçiləri bu gün Cənubi Qafqazda baş verən prosesləri dərindən analiz etmək iqtidarında deyil. Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski isə belə siyasətçilərin ön sırasında gəlir. Onun "Komsomolskaya Pravda" nəşrinə açıqlamasını mən daha çox bu kontekstdə qiymətləndirirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov səsləndirib. Millət vəkilinin sözlərinə görə, bu gün regionda cərəyan edən proseslərin təhlili göstərir ki, Azərbaycan və Rusiyanın bir çox istiqamətlərdə maraqları üst-üstə düşür:
"İki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq kimi səciyyələndirilməsi də məhz bunun nəticəsidir. Ötən il Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən Müharibəsindən sonra bütün region xalqlarının tarixində yeni bir dövrün başlanmasına imkan yaradan tarixi şans yaranıb: bu yeni reallıqları praqmatik qiymətləndirməyi bacaran bütün dövlətlər, o cümlədən Rusiya bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarını #səfərbər etməyə çalışır. Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı qüvvələrinin də əsas məqsədi prosesə töhfə verməkdir. Çünki ən yaxın illərin təcrübəsi göstərdi ki, region xalqlarının inkişafı, rifahı və gələcəyi baxımından əməkdaşlığın, sülhün alternativi yoxdur. Görünür, özünü Rusiya liberal demokratlarının lideri kimi təqdim edən Jirinovski bu reallıqlardan ya tamamilə xəbərsizdir, ya da baş verənlərə fərqli maraqlar kontekstində yanaşır".
Deputat deyib ki, hər iki halda bu, yumşaq desək, peşəkar siyasətçi yanaşması deyil. V.Jirinovskinin açıqlamasının iki ölkə arasında münasibətləri fərqli şəkildə cəmiyyətə təqdim etmək cəhdi kimi dəyərələndirirəm:
"Jirinovski dəfələrlə bir-birinə zidd, heç bir ciddi arqumentə əsaslanmayan qalmaqallı bəyanatlarla çıxış edib: eyni hadisəni və ya prosesi bu gün bir, sabah başqa cür şərh etmək bu şəxsin siyasi karyerasının bütün mərhələləri üçün xarakterikdir. Mənim fikrimcə, özünə hörmət edən siyasətçi öz təfəkkür tərzindən daha yüksəkdə duran proseslərə qiymət verməkdən çəkinməlidir. Çünki belə cəhdlər onun haqqında onsuz da müsbət olmayan ictimai rəyə yeni ştrixlər əlavə edir. Görünür, Rusiya liberal demokratlarının lideri üçün bu o qədər də önəmli məsələ deyil.
Bu cür qeyri-obyektiv, qərəzli yanaşmaların Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək və belə təşəbbüslər yalnız müəlliflərinə ziyan gətirir".
Sevinc