Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkafobiya və islamafobiyanın püskürdüyü yanğınlar



Newscenter.az.1.08.2021. Türkiyəni bir neçə gündür cənginə alan dəhşətli yanğınları bir çoxları təsadüfi və təbiət hadisəsi hesab edirlər. Mən bunu çox yanlış və ən yaxşı halda sadəlövh düşüncə hesab edirəm. İlk öncə bunun təsadüf olmadığını dünya dövlətlərinin əksəriyyətinin bu hadisələrə yanaşmasından görmək asandır. Planetdə az qala bir həşaratın, bir kolun və hətta okeanın dərinliklərindəki bir yosunun hüquqlarının müdafiəsi üçün çoxsaylı komissiyalar təşkil edənlər dünyanın köksünün yanmasına səssizcə tamaşa edir. Digər tərəfdən isə, unutmayaq ki, hazırki dünyada nəinki bu miqyasda yanğınlar baş vermir, hətta bir ildırım belə çaxmır, bir damcı yağış belə yağmır. Çünki, təbii hadisələrə müdaxilə bəzi dövlətlərin və təşkilatların artıq hobbisinə çevrilib.

Türkiyədə baş verən bu yanğınlar zənnimcə hələ gec baş verdi və əslində daha tez baş verməli idi. Niyə? Çünki son illərdə ən çox inkişaf edən dünya dövlətləri arasında ilk sırada duranlardan biri də Türkiyə idi. Həm siyasi, həm iqtisadi, həm hərbi və həm də digər istiqamətlərdə. Ən əsası və buna qarşı olan güclər üçün ən təhlükəli hesab olunan Türkiyənin türk və islam dünyası üçün bir mərkəzə çevrilməsi ilə bağlı məqamdır. Bu amil çoxlarının yuxusuna haram qatmışdı.

Başqa əhəmiyyətli məqamlar da var ki, sonda Türkiyənin “cəzalandırılması”na gətirib çıxartdı. Bu da Türkiyə kimi güclü və yüksək inkişaf səviyyəsinə sahib bir dövlətin müstəqil siyasət yürütməsi ilə bağlı idi. Nəyin şahidi olurduq?! Regionda və ətrafda nə baş verirsə Türkiyə orda var! Aralıq dənizində var, Liviyada var, Suriyada var, Qara dənizdə var, Ukraynada var, Cənubi Qafqazda var, Mərkəzi Asiyada var! Əslində isə Türkiyənin təbii haqqı olduğu və regional təhlükəsizliyin təmin olunmasına xidmət edən bu ərazilərdə varlığı əsassız olaraq bir çoxlarını qısqandırır və ciddi narahat edirdi. Bu da sadəcə Türkiyəyə yad münasibətin təzahürü idi.

Bütün dünyanın Çinə qarşı birləşməyə məcbur edildiyi bir məqamda Türkiyə kimi idarə olunmaz bir gücün yaranması planların pozulması idi. Onlara isə yalnız və yalnız mütilər və məhz onlar tərəfindən idarə olunan müdhiş planların tərkib hissəsi olmağa hazır olan dövlətlər lazımdır. Türkiyə kimi, üzən gəmidə yalnız sükan ətrafında yer almağı tələb edənlər lazım deyil! Ancaq bu cür olaylar əslində dövləti sarsıtmalı deyil, daha da diqqətli və daha da güclü etməlidir. Türkiyəni hərbi silahla, Rusiya ilə və İranla vura bilməyi bacarmadılar. Əksinə bu gün baş verən yanğınla bağlı Türkiyə bizim ən yaxın müttəfiqimiz və dostumuzdur deyən ölkələr, NATO dövlətləri deyil, onunla eyni taleyi yaşayan Azərbaycandan sonra, Ukrayna, Rusiya və İran kimi dövlətlər Türkiyəyə yardıma getdilər. Onsuz da bəlli olan gizli məqamlarla bağlı əsaslı dəlillər əldə etdi Türkiyə!
Bu yanğınların fəsadları danılmazdır və biz bu dəhşətli olayın tükürpədən nəticələrini görürük. Ancaq belə acı hadisələrin müsbət nəticələri də olur ki, onu ancaq müdrik xalqlar və dövlətlər görə bilir. Yaponiya kimi dövlətlərin timsalında olduğu tək. Yaponiya dünyada təbii fəlakətlərdən ən çox əziyyət çəkən dövlət olsa da, həm də ən yüksək inkişaf edən dövlətlərdəndir. Bu yanğının alovları həm də, parçala hökm sür siyasətinin dünyada bir-birinə qarşı qoyduğu dövlətləri əksinə yaxınlaşdırır! Təbiidir ki, Türkiyə dövlətinin güclü inkişafının əsas istiqamətlərindən biri turizmdir ki, bu gün onu öz silahı ilə vururlar! Vursunlar! Bunu və hətta bundan acısını və dəhşətlisini Azərbaycan olaraq biz də yaşamışıq. Ölkəmizin iyirmi faizini otuz il ərzində vəhşi düşmən talayıb, dağıdıb, yandırsa da dünya buna səssiz qalıb. Niyə? Çünki dünyada ikili standartlar həmişə olub, var və olacaqdır da!

Əsrlər boyu dövlətçilik tarixi olan, qoca Avropanı monqol alovlarından xilas edən, elə həm də səlib yürüşləri kimi bəlanın qarşısını alan və bu kimi bir çox əvəzolunmaz missiyaları üstlənən Türkiyə bu alovu da söndürəcək! Ancaq hər bir halda baş verən bu olaylar dünyadakı siyasi qütbləşmə prosesində ciddi dəyişikliklərlə də iz buraxacaq!

Xəyal Bəşirov,
“Siyasi və hüquqi strateji araşdırmalar” mərkəzinin rəhbəri
Xəbəri paylaş