Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şamaxının yol infrastrukturu müasir səviyyədə yenidən qurulur



Newscenter.az.2.08.2021 Dövlət başçısının Sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Belə ki, Sərəncama əsasən Şamaxı şəhərində ümumi uzunluğu 96.5 km, sahəsi 621 min 615 m2 olan 126 adda prospekt və küçələrin təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə ümumi uzunluğu 12.3 km olan 20 adda prospekt və küçədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.

Newscenter.az-a AAYDA-dan bildirilib ki, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılır.
Bundan başqa Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120-ci km-də Bakı şəhəri istiqamətindən Şamaxı şəhərinə və yolun 123-cü km-də Ağsu istiqamətindən Şamaxı şəhərinə giriş-çıxış yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılır.

Sözügedən layihəyə uyğun olaraq, Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin 123-cü km-də yerləşən dairəyə daxil olmadan Bakı şəhəri istiqamətində rahat və maneəsiz hərəkətinin təmin olunması məqsədi ilə əlavə hərəkət zolağının tikintisi də icra olunur.

Qeyd edək ki, hər iki yol qovşağı arasında uzunluğu 3.1 km olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə nəzərdə tutulur.

Şamaxı rayonunda avtomobil yollarının təmiri və saxlanılması istiqamətində yerli əhəmiyyətli Şamaxı-Çuxuryurd-Zarat-Xeybəri avtomobil yolunun Şamaxı-Əngəxaran hissəsində 3450 metr və Çuxuryurd yaşayış məntəqəsinin daxilindən keçən hissəsində 2300 metr məsafədə yolun asfalt-beton örtüyünün aşınma layı da kompleks tədbirlər çərçivəsində yenidən tikilib.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.

Sevinc
Xəbəri paylaş