Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elçibəyin Şeyxülislama məktubu: “Ən ağır günlərdə adamların arasına çıxır, nəcib işlərə ruhlandırırsınız”



Newscenter.az.2.08.2021. Son günlər sosial şəbəkədə Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin hansısa bir məclisdə çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bağlı dediyi ifadələr müzakirə olunur.

Azpost.info bildirir ki, prezidentliyi dönəmində mərhum Əbülfəz Elçibəyin Şeyxülislam A.Paşazadə ilə isti münasibətləri olub. QMİ sədri o zamankı gərgin ictimai-siyasi proseslərdə önəmli simalardan sayılırdı.

Ə.Elçibəy dövlət başçısı seçildikdən sonra QMİ sədri ilə əlaqələri davamlı olub. Bunu prezident Elçibəyin Allahşükür Paşazadəyə doğum günü ilə bağlı göndərdiyi təbrikdən də görmək olar. Xüsusi yubiley tarixi olmasa da dövlət başçısı QMİ sədrini təbrik etməyi unutmayıb.

1992-ci il avqustun 26-da QMİ sədrinə göndərilmiş bu təbrik mətnində prezident Elçibəy A.Paşazadəni 43 yaşı tamam olması münasibəti ilə təbrik edir və haqqında xoş sözlər yazır.

“Şeyxülislam Allahşükür Pazaşdə həzrətlərinə

Sizi, müsəlman dünyasının tanınmış din xadimlərindən birini 43 yaşınız tamam olması münasibəti ilə ürəkdən təbrik edir, cənabınıza möhkəm can sağılığı və uzun ömür arzulayıram.

Biz bilirik ki, ən ağır günlərdə, ən çətin məqamlarda Siz adamlar arasına çıxır, onları dinə,imana, Vətənin müdafiəsinə səsləyir, nəcib işlərə, pak əməllərə ruhlandırırsınız.

İndi, Azərbaycanın müstəqillik yolu ilə irəlilədiyi, Qarabağ münaqişəsinin getdikcə kəskinləşdiyi bir dövrdə bu xüsusi ilə vacibdir.

Bu da təqdirəlayiqdir ki, müsəlman ölkələri ilə Azərbaycanın əlaqələrini yaratmaq və möhkəmlətmək sahəsində fəalyyətinizdə qüvvə və bacarğınızı əsirgəmirsiniz.

Bir daha sizi təbrik edir və deyirəm: Ömrünüz uzun olsun!

Hörmətlə: Əbülfəz Elçibəy

26 avqust 1992-ci il.”


Azərbaycanın ən ağır günlərində dövlət və dini qurum rəhbərlərinin belə isti münasibətləri öz dövrü üçün vacib məqamlardan sayıla bilər.

Xəbəri paylaş