Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jirinovskinin qərəzli və təhqiramiz düşüncələrinə görə ölçü götürülməlidir



Newscenter.az.2.08.2021
. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və etiraz doğurur. Azərbaycanın müzəffər Ali Baş Komandanı haqqında, xalqımız barədə qəbuledilməz fikirlər səsləndirən Jirinovski həm də iki strateji tərəfdaş ölkə arasında münasibətlərə xələl gətirməyə cəhd etdiyi üçün mütləq cəzalandırılmalıdır. Ən azından Rusiya Federasiyası Dövlət Duması səviyyəsində Jirinovski barədə əxlaqdan uzaq fikirlərinə, Azərbaycanın dövlət rəhbərliyi haqqında məsuliyyətsiz düşüncələrinə görə ölçü götürülməlidir. Doğrudur, onu Rusiyada ciddi siyasi fiqur kimi qəbul etməsələrdə, siyasətə təhqir gətirmiş təlxək kimi tanısalar da, bu, ona Azərbaycanın dövlət başçısı, dövlətimiz və xalqımız haqqında məsuliyyətsiz, qərəzli və təhqiramiz fikirlər səsləndirməsinə əsas vermir.

Rusiyada və başqa ölkələrdə Jirinovskini tərbiyəsinə uyğun şəkildə sözlər, ifadələr işlədən, Rusiya Dumasında, televiziyalarda, debatlarda təhqiramiz çıxışlar edən, xüsusilə də qadınlara münasibətdə əxlaqsız danışıq tərzi, hərəkətlər nümayiş etdirən ruhi xəstə kimi qəbul edilsə də, onun başqa bir dövlət, xalq, Prezident haqqında məsuliyyətsiz və qərəzli fikirlər səsləndirməyə haqqı yoxdur. Jirinovski dəliyəm deyib, dərdini bizi çəkdirməyə çalışmasın. Onun radikalizmi, anti-türk, anti-Azərbaycan ritorikası, Orta Asiya xalqlarına qarşı açıq-aşkar düşmən mövqeyindən çıxış etməsi, irqçiliyi və şovinizmi təşviq etməsi, xəstə ruhlu siyasi oyunbazlıqlar etməsi rus xalqına, təmsil etdiyi ölkəyə heç zaman baş ucalığı gətirməyib. Məsuliyyətsiz hərəkətlərinə görə bir ölkənin ali qanunverici orqanında təmsil olunan deputatı elə həmin ölkənin bir sıra ərazilərində, məsələn, Rusiya Federasiyasının subyekti olan Komi Respublikasında, hətta, dünyanın bir sıra ölkələrində, Qazaxıstan, Qırğızıstan kimi dövlətlərdə “persona non grata” elan olunmasından böyük rüsvayçılıq ola bilərmi? Bu şəxs Rusiya dövlətinə ancaq mənfi imic qazandırmaqla məşğuldur.

Jirinovskinin söylədiyi məsuliyyətsiz fikirlərini söz azadlığı, demokratiya ilə pərdələməyə çalışması da onun qərəzindən xəbər verir. Diktatorluğu, tiranlığı ilə ad çıxarmış bir partiya sədrinin demokratiyadan danışması sadəcə gülüş doğurur. Şübhə yoxdur ki, Rusiya dövlət rəhbərliyinin Azərbaycan dövlətinə və dövlət rəhbərliyinə olan münasibəti Jirinovskinin fikirlərinin tamamilə əksidir. Ümid edirik ki, Rusiya dövlət rəhbərliyi Jirinovski kimilərin iki strateji dövlətin münasibətlərinə xələl gətirməsinə, ictimai rəyə fərqli və ziyanlı düşüncələrin sırımasına imkan verməyəcək.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş