Newscenter.az.3.08.2021. 30 İyul - Birləşmiş Millətlər Təşkilatının İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü insan alveri qurbanlarının ağır vəziyyəti barədə məlumatlılığı artırmaq, onların hüquqlarını təbliğ etmək və qorumaq üçün təsis edilmişdir. Bu il İnsan Alverinə Qarşı Mübarizə Günü Beynəlxalq Uşaq Əməyinin ləğvi ilinə təsadüf edir. Bunu nəzərə alan BMqT-nin Azərbaycan nümayəndəliyi insan alverinin uşaqlara qarşı zorakılığın bir növü olduğunu bəyan edən məlumatlandırma tədbiri təşkil etməklə uşaqların potensialı və onların xoşbəxt gələcəyə hüquqlarını vurğulamış oldu.
Bakıda yerləşən "Təmiz Dünya - Qadınlara yardım" İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdnində olan iki sığınacaqda cinsi istismar, məcburi əmək və məcburi dilənçiliyin potensial qurbanları olan uşaqlar arasında məlumatlandırma həyata keçirildi.
Newscenter.az xəbər verir ki, qeyd olunan QHT-lərlə əməkdaşlıq edərək BMqT hər iki sığınacaqda “Uşaqların potensialı” mövzusunda bədii seminar təşkil etdi. Sığınacaq heyəti və BMqT-nin əməkdaşları sığınacaqların sakinləri olan qız və oğlanlara onların hüquqlarının nə olduğunu izah etdi, gələcəklərini və potensiallarını onlarla müzakirə etdilər. Uşaqlardan gələcəkdə özlərini harada gördüklərini, gözlənti və istəklərini rəsmlərdə və ya əl işlərində əks etdirmələri xahiş olundu.
30 iyul 2021-ci il tarixində İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş "İkinci Nəfəs" adlı sərgidə Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağının sakinləri olan uşaqlar tərəfindən Azərbaycanın milli atributlarını əks etdirən rəsm və sənətkarlıq nümunələri sərgiləndi.
Azərbaycan Uşaqları İctimai Birliyinin təşkilatçılığı və BMqT-nin Azərbaycan Nümayəndəliyi, Daxili İşlər Nazirliyi, Lu-Mun Hoolding, “ASAN Könüllüləri” Təşkilatı və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgi cəmiyyətin diqqətini uşaq əməyinin istismarı və uşaqlara qarşı zorakılığın insan alverinin bir forması olmasına yönəltmək və insan alveri ilə mübarizənin əhəmiyyətini vurğulamaq məqsədini daşıyırdı.
Sərgidə Beynəlxalq Miqrasiya Təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə” layihəsinin dəstəyi ilə “30 İyul- İnsan alverinə qarşı mübarizə günü”nə həsr edilən və uşaqlar tərəfindən onların hüquqlarını və gələcəyə baxışlarını əks etdirən xüsusi hazırlanmış eksponatlar da nümayiş olundu.
Mehman