Newscenter.az.3.08.2021. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun 2021-ci ilin Fəaliyyət Planı üzrə tədbirləri davam etdirir.
Newscenter.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Vergi inzibatçılığının təkmilləşdirilməsini nəzərdə tutan belə mühüm mexanizmlərdən biri də ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin tətbiqidir.
Dövlət Vergi Xidməti “Vahid elektron lövhə”nin fəaliyyəti ilə bağlı maarifləndirmə işi çərçivəsində "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" barədə elektron ərizənin doldurulması qaydası və "Vahid Elektron Lövhə"nin tətbiqi barədə məlumat” adlı video təlimat hazırlayıb. Burada “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə ərizənin onlayn tərtib olunması, göndərilməsi və bu ərizənin icrasına nəzarət məqsədilə yaradılmış “Vahid elektron lövhə”nin tətbiqi prosesi haqqında ətraflı izahat verilir.