Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aygül Bağırova yazır: "Zaman qaçılmazdır, geri dönməzdir"

Aygül Bağırova yazır: "Zaman qaçılmazdır, geri dönməzdir"


Newscenter.az.6.08.2021. Həyat yollarında atdığın addımların gözəl naxışlara çevrildikcə və bu naxışların sayı çoxaldıqca, davranışına, gələcəyə baxışına da bir mükəmməllik, kamillik hopur: heç kimə və heç nəyə boyun əyməyən, səni sənə tanıdan, inandıran kamillik.

Təmsil etdiyim nəsli-kökü, ailə mühitini, tərbiyə aldığım valideynləri, orta məktəbdə müəllimlərimdən öyrəndiklərim ali təhsil illərindəki fəallığım və nəhayət, həyatda özümün gücümlə qazana bildiklərim məni daim irəli aparıb, insanlara sevdirib, dost qazandırıb.
Tanrının insana bəxş etdiyi ömür payı təkrarsızdır. Onu necə yaşadınsa, həyat tarixcəni də elə yaza bilərsən. Siz necə, bu günə kimi yaşadıqlarınızı neçə qələmə alardınız?

Zaman qaçılmazdır, geri dönməzdir. Yaşanan ömür zamanla ölçülür. Ömür yolunu geriyə qayıdıb, bir də getmək mümkünsüzdür. Gərək sənə verilmiş ömrün birdəfəlik olduğunu dərindən dərk edib, onu ürəyin istəyən kimi yaşayasan…

Elə yaşayasan ki, qazandıqlarını itirsən də, ləyaqətini, şəxsiyyətini uca tutmaq kimi dəyərlərini də itirməyəsən. Qazandığın qismətin azdan da, çoxdan da eyni zövqü ala biləsən. İnsanlar müxtəlif təbiətli olurlar; bədxah, xeyirxah və yaxud da; şəxsiyyətini uca tutan, zəhməti ilə qazandıqlarına bəsdir deyən. Gərək, ali keyfiyyətlərdən fərəh hissi duyasan.

Təqvim, sadəcə, quru, cansız rəqəmlərdən ibarət deyil. Rəqəmlər insan ömrü ilə bərabər artmaqda davam edir. Olanları-keçənləri, acılı-şirinli xatirələri yaddaşında saxlayır. Geriyə boylananda nələr ürəyimizcə olub, yaddaşımızda hansı parlaq səhfələr qalıb?

Yaddaşımda qalan əziz xatirələr, ömür kitabıma yazılan parlaq səhifələr çoxdur. Orta məktəbi bitirməyim, həmin ildə instituta daxil olmağım, şəfqətli bir peşəyə yiyələnməyim, uzun illər şərəfli peşə müəllimə və pedaqoji sahədə rəhbər vəzifə tutmağım,ağlım kəsəndən dövlətimi, dövlətciliyimi dəstəkləyən vətəndaş kimi öz növbəmdə verdiyim töhfələr, analıq şərafətinə nail olmağım, övladlarımın məktəbə daxil olmaları, səmimiyyət bəxş etdiyim insanların sevgi dolu baxışları - bütün bu ali hisslər, mənim ömür yolumun al-əlvan naxışlarıdır.

Ancaq bütün bunların icində Ana sevgisini - digər sevgilərlə müqayisə etmək mümkünsüzdür.

Allah dünyanı yaradarkən onun gələcəyini, dirçəlişini, həyat eşqini analara həvalə etmişdir. Anaların sevgisi İlahidən, Haqdan bəxş edilən müqəddəs, müqayisəyə uyğun gəlməyən bir sevgidir.

Nələr əldə etmişəmsə, bunlar mənim ömür payımdakı ən böyük qələbəmdir deyərdim. Zəhmət dolu illərimə, ömür yoluma boylananda özümə yüksək dəyər verirəm.

Yaxşı deyiblər ki, dünya yaxşılarındır. Xeyir şərə həmişə qalib gəlir. Həyatımızı bəlalardan, ağır xəstəliklərdən qorumaq da elə şərə qalib gəlməkdir. Bu mənada vəzifəmizdən asılı olmayaraq insanlara gördüyümüz nəcib, xeyirxah işlər könüllərin unudulmaz güşəsində əbədi yer tutmaq ücün yaxşılıq edək...

Cünki dünyanı yaxşılıq xilas edəcək!

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı
Xəbəri paylaş