Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə çatıb



Newscenter.az.6.08.2021. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artmaqda davam edir. Son bir neçə gündə daha bir qrup işəgötürən də bu aksiyaya öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib.

Beləliklə, marafona qoşulan işəgötürənlərin sayı artıq 375-ə çatıb.

Newscenter.az xəbər verir ki, 180-ni dövlət, qalanı özəl müəssisə olan həmin işəgötürənlərin 221-i xidmət, 105-i emal, 32-I kənd təsərrüfatı, 17-si tikinti sahəsində fəaliyyət göstərir.

İşəgötürənlərin bu marafon çərçivəsində e-sistemə daxil etdikləri vakansiya sayı isə 1607-ə çatıb.

Həmin vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi də davam edir və marafon çərçivəsində işlə təmin edilən şəxslərin sayı da artaraq 367-ə çatıb. Onlardan 280-i qazi, 87-si şəhid ailəsi üzvüdür və əksəriyyəti 18-29 yaşlarında olan şəxslərdir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Sevinc
Xəbəri paylaş