Newscenter.az.6.08.2021. İraq Respublikasının rabitə naziri Arkan Şihab Ahmed Al-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN” xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Newscenter.az xəbər verir ki, görüş "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi ilə əlaqədar qarşı tərəfdən ünvanlanmış sorğu əsasında təşkil olunub.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 45 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Görüş zamanı gələcəkdə “ASAN xidmət",elektron hökumət və ABAD modellərinin İraq Respublikasında tətbiqindən bəhs olunub və yaxın gələcəkdə görüləcək işlər üçün hüquqi bazanın yaradılması barədə ilkin razılıq əldə olunub.
Qonaqlar Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə ediblər.
Sevinc