Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 minə yaxınlaşıb



Newscenter.az.7.08.2021. Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət qruplar müvafiq məkanlarda monitorinqləri davam etdirirlər.

Newscenter.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, araşdırmalar zamanı monitorinq aparılan obyektlərin əksəriyyətində karantin şərtlərinə əməl olunduğu, lakin bəzi şadlıq saraylarında müəyyən olunmuş tələb və qaydaların pozulduğu aşkar edilib.

Növbəti monitorinqlər zamanı da şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən, tədbirə gələn qonaqlar üçün tətbiq olunan say məhdudiyyətinin pozulması, qonaqların üzərində COVID-19 pasportu və ya immunitet sertifikatının olmaması ilə bağlıdır. Bir sıra hallarda isə icaze.e-gov.az portalına müvafiq məlumatların düzgün daxil edilməməsi faktları də qeydə alınıb. Monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, mərasimlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları yeni ailə quranlara hədiyyələr təqdim edib.

Bu günə qədər 1 900-dən çox obyektdə keçirilən şənlik mərasimlərində monitorinqlər aparılıb, şənliklərdə iştirak edən 230 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qayda və şərtlərə ciddi əməl olunmalıdır. Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər. Tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktoru nəzərə alınmalı, məclis iştirakçılarının müvafiq sənədlərə malik olması əvvəlcədən dəqiqləşdirilməlidir.
Xəbəri paylaş