Newscenter.az.7.08.2021. Milli Məclisin deputatı Jalə Əhmədova Vətən müharibəsində iştirak etmiş və hazırda Şorsulu kəndində yaşayan qazilərin torpaq məsələsi ilə əlaqədar Salyan rayonunun Şorsulu kəndində olub.
Newscenter.az xəbər verir ki, millət vəkili fermerlərlə görüş keçirib və Şorsulu kəndində yaşayan qazilərin torpaq, örüş otlaq sahələri, eləcə də torpaq sahələrinin suvarılması məsələlərinin həlli yollarını müzakirə edib. Jalə Əhmədova bildirib ki, Vətənimiz uğrunda sağlamlığını itirmiş qazilərimizə köməklik göstərmək hər birimizin borcudur, bütün səlahiyyətlərindən istifadə edərək onların probleminin həllinə çalışacaq.
Jalə Əhmədova Şorsulu kəndində olarkən burada yaşayan qazi Sahib Əhmədovu da ziyarət edib:
"Qazimiz məni əlil arabasında qarşıladı. Vətən müharibəsində şiddətli döyüşlər zamanı çox ağır yaralandığını, sağlamlığını doğma Vətənimiz uğrunda itirdiyini və bununla qürur duyduğunu bildirdi. Çox pozitiv, gülərüz bir insan olan qazimiz onun ailəsi üçün dövlətimiz tərəfindən yeni və müasir ev tikilib verildiyini də xüsusi minnətdarlıqla vurğuladı".
Millət vəkili Sahib Əhmədovu və həyat yoldaşını təbrik edib, yeni evlərinin xeyirli, ruzi-bərəkətli olmasını arzulayıb:
"Qazimizin səhhəti, müalicəsi, həmçinin onu narahat edən problemlərlə maraqlandım. Ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə diqqət və qayğının yüksək səviyyədə olduğunu, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd etdim. Bu kateqoriyadan olan insanların cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın daim diqqət mərkəzində olduğunu vurğuladım".
Ruhiyyə