Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu dəfə biz qızıllarımızı Tokioda deyil, Qarabağda qazandıq



Newscenter.az.8.08.2021. Tokio Olimpiadası başa çatmaq üzrədir. Daha doğrusu, bizim idmançılarımız üçün artıq başa çatmış sayılır. İdmançılarımız 3 gümüş və 4 bürünc medal qazanaraq bacardıqları qədər Azərbaycanımızın adını yüksəklərə qaldırmağa çalışdılar. Əlbəttə, könül istərdi ki, 32-ci Yay Olimpiya oyunlarında daha böyük nəticələr əldə edək. Lakin bu idmandır, burada hər şey bizim istəyimizdən asılı deyil. İdman elə bir sahədir ki, burada proqnozlar və ümidlər heç də hər zaman özünü doğrultmur.

Olimpiya çempionatları həmişə istər xoş, istərsə də acı sürprizlərlə dolu olur. Odur ki, bəzi maksimalist insanlarımızın "bizimkilər niyə qızıl medal qazana bilmədilər?", deyə ittihamlarla çıxış eməsi reallıq hissindən uzaqdır. Bəli, əvvəlki Olimpiya oyunlarından fərqli olaraq bu dəfə olimpiya heyətimiz yarışlara o qədər də yaxşı hazırlaşmamışdı. Bunun da ən müxtəlif səbəbləri var. Amma onu da nəzərə almalıyıq ki, keçən il və bu il bizim əsas prioritetimiz komandamızın Olimpiadada qızıl medal qazanıb-qazanmaması deyildi. 2020-2021-ci illərdə başlıca vəzifəmiz torpaqlarımızı işğaldan azad etmək və Qarabağın bərpasına, yenidən qurulmasına start vermək idi. 44 günlük müharibədəki Zəfərimiz bizim üçün Tokio Olimpiadasında qazanacağımız qələbələrdən daha önəmli idi.

Bu dəfə biz necə deyərlər, qızıllarımızı Tokioda deyil, Qarabağda qazandıq. Qəhrəman şəhidlərimiz və qazilərimiz real döyüş meydanında öz sözünü dedilər. Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuz həqiqətən də TARİX yazdı. Və məncə, məhz buna görədir ki, Tokio Olimpiadasından qızılsız geri dönməyimizə elə də böyük önəm vermirik. Bu da çox normaldır. Bu Olimpiada nə birinci deyildi, nədəki sonuncusu deyil. Olimpiya oyunlarında uğur qazanmaq üçün qarşıda hələ çox şanslarımız olacaq. Əsas odur ki, ümummilli məsələlərimizdə həmişə QALİB olaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş