Newscentrer.az.9.08.2021. İsmayıllı Rayon İcra Hakimiyyətində İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq geniş iclas keçirilib.
Newscenter.az xəbər verir ki, iclas zamanı 18 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması və xüsusi karantin rejimində şənlik mərasimlərinin, toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarətin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.
Həmçinin iclasda gündəlikdə duran digər məsələlər, ərazilərdə məişət tullantılarının təmizlənməsi, su ilə bağlı problemlərin aradan qaldırılması və yanğın təhlükəsizliyinin qarşısının alınması ilə əlaqədar məsələlər də müzakirə edilib.
Məlumat üçün bildiririk ki, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) tələblərə uyğun təşkil edilməsinə və keçirilməsinə nəzarəti həyata keçirmək üçün Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2021-ci il tarixli 94 nömrəli sərəncamına əsasən İsmayıllı Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Rayon İcra Hakimiyyəti başçısı aparatının, Rayon Polis Şöbəsinin əməkdaşları və mobil qrupların iştirakı rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında mütəmadi olaraq reydlər keçirilir, vaksinasiya olunmaq barədə pasportlar yoxlanılır və maarifləndirmə işləri aparılır.
Qeyd edək ki, bununla yanaşı eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin və 10 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən də mütəmadi reydlər keçirilir.
Bir daha vətəndaşlarımıza bildirmək istəyirik ki, bir ildən artıqdır ki, həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.
Ruhiyyə