Newscenter.az.9.08.2021. Türkiyədə Nüket Eroğlu adlı estetik doktorunun azərbaycanlı yanğınsöndürənləri aşağılayan fikirlər səsləndirməsi qardaş ölkədə ciddi etirazla qarşılanıb. Cəmiyyətin ayrı-ayrı üzvləri ilə yanaşı, qardaş ölkədə fəaliyyət göstərən diaspor təşkilatları da Nüket Eroğlunu şərt şəkildə qınayıb.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini Serdar Ünsal Newscenter.az-a verdiyi açıqlamada Nüket Eroğlunu təxribatçı kimi xarakterizə edib. Təşkilat rəsmisi qeyd edib ki, Türkiyədəki yanğını söndürmək üçün ilk gündən yanğınsöndürən təyyarələr, maşınlar, canlı qüvvə ilə Türkiyədə olan azərbaycanlı qardaşlarımızın Nüket Eroğlu tərəfindən təhqir edilməsi yolverilməzdir:
“Hesab edirəm ki, bu bir təxribatdır. Həmçinin erməni sevgisindən irəli gəlir. Düşünürəm ki, Nüket Eroğlunun soykökü hərtərəfli araşdırılmalıdır. Bu sözləri söyləyən şəxs türk ola bilməz. Nüket Eroğlunu kəskin şəkildə qınayır və onu Azərbaycan əsgərlərindən üzr istəməyə dəvət edirik”.
Sərdar Ünsal deyib ki, Nüket Eroğlu həm də tarixdən xəbərsizdir. Əks təqdirdə sözügedən fikirləri səsləndirməzdi:
“Azərbaycan və Türkiyə qardaşdır. Atatürkün dövründə belə idi, indi də belədir və bu qardaşlıq sonsuza qədər davam edəcək. Azərbaycan əsgəri ilə heç kim təhqiredici dildə danışa bilməz. Nüket Eroğlu dərhal Azərbaycandan üzr istəməli və Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirəcək ifadəsinə görə barəsində araşdırma aparılmalıdır”.
Sevinc