Newscenter.az.11.08.2021. Avqustun 11-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eldar Zeynalov Ağdam rayonundan məcburi köçkün, Bakı şəhərinin Suraxanı rayonunda müvəqqəti qediyyatda olan Əliyeva Mahirə Firidun qızını onlayn qayada qəbul edib. Vətəndaş M.F.Əliyevanın müraciəti Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış oğlu Quliyev İlkin Mətləb oğlunun çoxuşaqlı ailəsinin mənzillə təmin edilməsi barədə olub. Quliyev İlkin Mətləb oğlunun ailə vəziyyəti nəzərər alınaraq, onların Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilmiş yeni binada üçotaqlı mənzilə köçürülməsi təklif olunub. Lakin ailə Dövlət Komitəsinin təklifini qəbul etməyib.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, onlayn qəbuldan sonra, saat 13-14 radələrində gənc bir qadın beş azyaşlı uşaqla Dövlət Komitəsinin inzibati binasındakı “Qəbul otağı”na gələrək, özü haqqında heç bir məlumat vermədən “bu uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin” deyərək, komitə əməkdaşlarının çağırışlarına məhəl qoymadan binanı tərk edib. Uşaqlarla söhbət zamanı ailənin faktiki yaşayış ünvanı müəyyənləşdirilib və bu zaman aydın olub ki, onlar vətəndaş M.F.Əliyevanın oğlu İlkin Quliyevin övladlarıdır. Valideynləri müəyyənləşdirildikdən sonra uşaqlar öz ailəsinə təhvil verilib.
Qeyd edilməlidir ki, uşaqları komitənin binasında qoyub gedən ana - Quliyeva Səbinə Arif qızı özü Ağdam rayonunun işğal altına düşməyən Paşabəyli kəndində daimi qeydiyyatdadır və məcburi köçkün deyildir.
Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlər üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaqdır. Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış 191 məcburi köçkün ailəsi də, qanunvericilikdə nəzərdə tutulan qaydada, həmin ərazilərdə yeni yaşayış sahəsi ilə təmin ediləcəkdir.
Sevinc