Newscenter.az.11.08.2021. Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Belə çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır.
Son zamanlar müxtəlif şəxslər Azərbaycan polisi haqqında həqiqətə uyğun olmayan qərəzli, subyektiv mülahizələrə əsaslanan böhtanla dolu məlumatlar yayan insanlara sadəcə yazığım gəlir. Polisin fəaliyyətinə kölgə salmaq istəyənlər və onları cəmiyyətin gözündə aşağılamaq istəyənlər ölkədə bu yolla qarşıdurma yaratmaq istəyirlər. Ancaq unudurlar ki, ictimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Bunun da aparıcı qüvvəsi polisdir. Ona görə də polisi gözdən salmağa cəhd edənlər, necə deyərlər, öz oturduqları budağı kəsənlərdir. İnkişaf etmiş dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi, demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşdirilməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə polis peşəsi çətin və şərəfli olaraq qalır. Ölkəmizdə də belədir. Dövlət başçımızın düşünülmüş siyasi kursu nəticəsində respublikamızda siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün tədbirlərdən istifadə edilir. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır.
Polisə böhtan atanlar, onun gərgin zəhmətini qiymətləndirməyi bacarmayanlar və ya bilərəkdən onu ləkələməyə çalışanlar ölkəmizin inkişafını, əmin-amanlığı gözü götürməyənlərin təsiri altında olanlardır. "Polis haqqında” Qanunda da vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Belə şərəfli peşə sahiblərinə böhtan atmaq, onları cəmiyyətin gözündən salmaq nankorluqdur.
Mən demirəm ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Ancaq unutmamalıyıq ki, polis ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır. Ona görə də hər birimiz polisə arxa-dayaq olmalıyıq. Çünki polis də dövlətin arxa-dayağıdır.
Əli İbrahimov-hüquqşünas