Newscenter.az.12.08.2021. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Post pandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər" mövzusunda gənclərlə görüş keçirilib.
Newscenter.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, görüşdə KOBİA və YAP Gənclər Birliyinin dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən Şuranın sədri Fərhad Qaraşov ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışıb, KOBİA yanında İctimai Şuranın fəaliyyəti haqqında məlumat verib.
O, bildirib ki, Şura cəmiyyət-dövlət-sahibkar arasında münasibətlərin və dövlət-özəl sektor əməkdaşlığının inkişafı, eləcə də Agentlik üzərində ictimai nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb. Şuranın hər zaman gənc sahibkarların fikir və təkliflərini dinləməyə hazır olduğunu deyən F.Qaraşov tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə YAP Gənclər Birliyinə təşəkkür edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin gənclərin biznes təşəbbüslərinin reallaşdırılması üzrə mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi, onların sahibkarlıq fəaliyyətinə təşviqi məqsədilə təşkil olunduğunu vurğulayıb. O, qeyd edib ki, qlobal pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da biznes sahəsinə təsir göstərib: “Dövlətimiz pandemiyadan zərər çəkmiş biznes subyektləri üçün bir sıra dəstək tədbirləri həyata keçirib və post pandemiya dövrü üçün də xüsusi tədbirlər planı hazırlanıb”.
O. Məmmədov Agentliyin mikro, kiçik və orta biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib, gənc sahibkarları və öz biznesini qurmaq istəyən gəncləri bu imkanlardan aktiv istifadəyə dəvət edib. O, deyib ki, gənclər Agentliyin qrant, daxili bazar araşdırması aparılması, “Startap” şəhadətnaməsinin verilməsi, satış bazarlarına çıxış, biznes konsultasiya, təlim və s. kimi dəstək və xidmətlərdən istifadə etməklə sahibkarlıq fəaliyyətlərini genişləndirə və öz biznes ideyalarını reallaşdıra bilərlər.
Tədbirdə çıxış edən YAP İdarə Heytətinin üzvü, Milli Məclisin üzvü Şahin İsmayılov ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gənclərə göstərilən dövlət qayğısı barədə fikirlərini bölüşüb. Yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsindəki rolundan danışan millət vəkili bildirib ki, bu bir daha Azərbaycanda dövlət gənclər siyasətinin düzgün qurulduğunu göstərir.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov belə görüşlərin gənclərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti haqqında danışan B.İslamov bildirib ki, sahibkarlığa maraq göstərən gənclərimizin bu sahədəki yeniliklər və dəstək mexanizmləri haqqında məlumatlar əldə etməsi onların gələcəkdə biznes sahəsinə istiqamətlənməsinə mühüm dəstək olacaqdır. YAP Gənclər Birliyinin belə təşəbbüsləri daim dəstəklədiyini, bu istiqamətdə müvafiq qurumlarla əməkdaşlıq etdiyini deyən B.İslamov əlavə edib ki, Azərbaycanda gənc sahibkarların rolunun genişləndirilməsi milli iqtisadiyyatımızın inkişafı ilə yanaşı, yeni düşüncəli və innovativ gəncliyin formalaşmasına yardım göstərəcəkdir.
Görüşdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.